Arkivan.az » Xəbərlər » Mənim doktor Zabitlə görüşüm var

Mənim doktor Zabitlə görüşüm var


O Zabit ki, həm əsil həkim, həm şair, həm musiqi vurğunu, həm bağban, həm səyahət həvəskarı, fəal Facebook istifadəçisi, böyük qəlb sahibi, insanpərvər, Allah adamı, əvəzsiz ata və baba, eləcə də tam sadalamadığım daha neçə-neçə gözəl keyfiyyətlərin daşıyıcısıdır.

Doktor Zabitlə tez-tez rastlaşsam da, ətraflı dərdləşib onun haqqında geniş yazı hazırlamaq çoxdankı planlarıma daxil idi.

Nəhayət zəngləşdik, vədələşdik və görüşdük.

Özünü kimsəsiz sayan ulu babası necə 5 oğul atası oldu?

Mənim doktor Zabitlə görüşüm var

Söhbətə çox uzaqlardan başladıq - Talıbovların nəsil şəcərəsindən. Bu barədə çox danışıb sizi yormaq istəmirəm, amma bir epizodu sizinlə paylaşsam yəqin ki çoxları üçün də maraqlı olar.

Qədim Ərkivanın 2 məhəlləsi

Əhalisi indi 17 minə yaxın olan Ərkivan qəsəbəsinin indiki ərazisi bir neçə yüz əvvəl sıx meşələrdən (şərq tərəfi Xəzər dənizi ilə sərhəd olmaqla), Şimal tərəfdən indiki Bədirli və cənub tərəfdən Pələnküştə məhəllələrində ibarət olub. Hər məhəllədə çox az miqdarda əhali yaşayıb. Zabitin ulu babaları Talıbovlar da Ərkivanın Pələnküştə məhəlləsinin ilk sakinlərindən olub.

Pristavın “meşəni qırın” əmri

Əhalinin sayı artdıqca torpaq qıtlığı açıq hiss edilib. Ətraf meşə olduğu üçün əkin-biçin üçün torpaq tapmaq müşkül bir işmiş. Pristav əmr verir ki, evlərə yaxın ərazilərdə, Qodman kəndinə tərəf meşələr qırılsın. Hər kişi əlinə bir balta alıb cumur meşəyə. Zabit Talıbovun 3-cü nəsil ulu babası Talıb da meşəni qırmağa gedənlərin sırasında olur.
Mənim doktor Zabitlə görüşüm var

Talıb kişi necə sarsılır?

Talıb kişi meşəyə qaça-qaçda bir qohumu onu saxlayıb deyir ki, hara qaçırsan? Arvadın ölüb, bir qızın var, onu da köçürmüsən, meşəni qırıb, torpaq tutub neyləyəcəksən? Otur oturduğun yerdə.
Bu söz Talıb kişini möhkəm tutur. Baltanı yerə qoyub, çox dərdli şəkildə kəndin kənarında əyləşir.
Bu vaxt bir dostu ona yaxınlaşıb, niyə belə qəmli olduğunu soruşur. Talıb kişi də ona deyiləni dostuna deyir.
Dostu bir an duruxub, deyir, min ata, getdik. Hər ikisi at belində gəlirlər Masallının Gəyəçöl kəndinə., dostunun dostunun evinə.

Qeyri-adi elçilik

Nağıl dili yüyürək olar. Talıb kişinin kənddə gələn dostu gəyəçöllü dostuna deyir ki, sənin yaşı ötmüş subay bir qızın var. Bu kişinin də arvadı ölüb, təkdir. Gəl, qızını ver bu kişiyə. Bir az tərəddüddən, söz-söhbətdən sonra razılaşırlar. Qızı da ata əyləşdirib, gəlirlər Ərkivana.
Həmin qadından Talıb kişinin nə az, nə çox - 5 oğlu olur. Kimsəsiz Talıb kənddə ən oğullu-arxalı kişiyə çevrilir. Zabit Talıbov da bax həmin Talıb kişinin nəticəsidir.

“Yaxşılıqlar itmir” deyiminin canlı nümunəsi

Zabit Talıbov: - Həm işləməyə, həm istirahətə getməyi çox sevirəm. Sovet dövrü, yayın qızmar vaxtı, o vaxtkı Leninqrad adlanan Sankt-Peterburqa getmək istəyirəm. Qatara bilet tapmaq müsibət idi. 5 gün idi ki, kassaların qabağında ayaq döyürdüm. Bu məqamda tanımadığım bir nəfər mənə yaxınlaşıb çay içməyə dəvət etdi. Getdik. Söhbətləşdik. Bilet problemimi dedim. Dedi, bir saatdan sonra yenə görüşərik. Görüşdük. Bulvara getdik. Çörək yedik. Hesabı da təkidlə o verdi. Sonra da Leninqrad qatarına mənə bir bilet təqdim etdi. Nə qədər təkid etsəm də, pul almadı. Sonda məndən soruşdu ki, tanıdın məni?
“Yox” cavabından sonra bildirdi ki, mən Qasımlı kəndindənəm, Rusiyada olanda anam bərk xəstələnib, sən onu təmənnasız müalicə etmisən, hətta çox kasıb olduğu üçün dərmanlarının da pulun sən ödəmisən. Bax, mən o qadının oğluyam. İndi Dəmir Yol sistemində çalışıram. Sənin yaxşılığından çıxmaq üçün fürsət axtarırdım.
Düzünə qalsa, belə epizodlar onlarladır.

“Atama və özümə bağışlaya bilmədiyim addım”


Mənim doktor Zabitlə görüşüm var
Zabit Talıbov:- Atam İmanverdi müəllim mənim üçün, eləcə də digər 10 bacı qardaşım üçün canlı bir abidə idi- əzəməti, qətiyyəti, əməksevərliyi... ilə. Ali məktəbi yüksək qiymətlərlə bitirdikdən sonra məni interna keçmək üçün o vaxt Razin adlanan qəsəbə xəstəxanasına yolladılar. Bəzən bir gündə 25-30 çağırış olurdu, hamısına da baş çəkirdim. İşim baş həkim Tamara xanımın o qədər xoşun gəlmişdi ki, şəxsən Səhiyyə Nazirliyinə gedib mənim təyinatımı öz xəstəxanasına almışdı. Bakıya təyinat hər tələbə üçün olduqca böyük uğur idi. Mən də bu xəbəri eşidən kimi dərhal evə xəbər yolladım. Özüm üçün min cür xəyallar qururdum, paytaxt xəstəxanaları, elmi iş-filan. Kəndə xəbər gedən günün səhəri atam Bakıda peyda oldu.

“11 övladın var, mənim balam yoxdur, Zabiti ver mənə”

Atam xəstəxanaya gələn kimi Tamara xanımla görüşüb, giley-güzarla bildirdi ki, mən min əziyyətlə oğul böyütmüşəm, təhsil vermişəm, o kəndə gəlib ailəyə dayaq olmalıdır. Onun Bakılıq işi yoxdur.
Tamara xanım az qaldı ona yalvara. Dedi ki, yaxşı oğul harada olsa, ata-anaya baxır, pis oğul heç evdə də baxmaz. 11 övladın var, amma mənim bir övladım da yoxdur, Zabiti ver mənə, qoy mənə oğul olsun.
Xeyri olmadı. Rayona qayıtmalı oldum. Atam, o vaxtkı baş həkimdən artıq “dobromu”da almışmış.

İlk addımım çox risqli oldu.

İlk xəstəm Sığdaş kəndindən yeni doğulmuş körpə ölümün bir addımlığında idi. Ya onun Əzrayılın çənginə verib evlərinə yollamalı idim, ya da damarına zərdab vurmalıydım. Bu isə çox riskli idi. Əgər ilk xəstəm bu müalicəmdən dünyasını dəyişsə idi, olduqca çətin duruma düşəcəkdim. Mən riskli yolu seçdim və müalicə uğurlu oldu. Bu mənim gələcək karyerama çox kömək etdi.

“Əzrayılın mənlə niyə arası yoxdu”

Belə-belə işlərə görə Əzrayılın mənimlə arası yoxdur. Onu neçə-neçə qapıdan əliboş qaytarmışam. Qibləyə uzadılan, gözləri basılan neçə xəstəni həyata qaytarmışam. İndi onları sap-sağlam görəndə çox fərəhlənirəm.

“Dəllək dəlləyin üzünü havayı qırxır”

Yuxarıdakı deyimdən də gördünüz ki, Zabit Doktor zarafatı çox sevir. Qocaman həkim Həsən Abdullayev danışır ki, bir dəfə nəvəmi Zabitin yanına aparmışdım. Çox təkid etsəm də, pul almadı və dedi:
Doktor, sadə peşə sahibi olan dəllək belə dəllək dostunun üzünü havayı qırxır. İndi həkim həkimdən niyə pul almalıdır ki?
Müəllifdən: Baxıram ki, 1 qəzet səhifəsinə yaxın yazmışam, amma doktor Zabit haqqında deyəcəklərim bitib-tükənmir. Bir kitablıq ömür yolu olan bir insan haqqında yazını yarımçıq da qoymaq istəmirəm.

Yorulanlar ardını oxumaya da bilər

Doktor Zabit Facebooku niyə bağladı?

Mənim doktor Zabitlə görüşüm var
Həm də elə belə bağlanmayıb ha. Az qala hər gün Facebookdadır
Baxdığı postların yanından elə belə də keçmir, kölgədə gizlənmir, xoşladığına “bəyən” düyməsin basmaqda xəsislik etmir, əksəriyyətinə də rəy yazır, arabir də paylaşır. 70 yaş ərəfəsində doktorda Facebooka bu maraq nədəndir?
Özünü dinləyək:
-Sovet dönəmində hər il az qala bir aylıq əmək haqqını qəzetlərə abunəyə xərcləyirdim. Həm də könüllü. “Qobustan” jurnalından, “Azərbaycan gəncləri” qəzetindəndən tutmuş Rusiyanın ən aparıcı qəzet jurnalları hər gün abunə yolu ilə evimizə gələrdi. İndi az qala 10 qəzeti oxuyursan, elə bil bir qəzeti oxudun. Az qala hamısı eyni şeydən yazır. Mən fərqli düşüncələri xoşlayıram. Ona görə sosial şəbəkədə maraqlı insanların, analtiklərin postlarını ardıcıl izləyir, bəzən rəy yazır, bəzən mübahisə edir və internetin digər imkanlarında istifadə edib itirdiyim o fərqli aləmi, fərqli düşüncələri burada tapıram.

Doktorun şairliyi də var imiş.

1.Həm də məktəb yaşlarından. “Azərbaycan pioneri” qəzetindən başlayan bu yaradıcılıq sonralar onlarla qəzet və jurnala yol tapdı. Doktor Zabitin mütaliəsinə də söz ola bilməz. O Azərbaycan və dünya ədəbiyyatın ən dəyərli nümunələrini daim mütaliə edib, imkan daxilində bu gün də oxumaqdan dayanmır.
2.Doktor Zabitin musiqi dünyasına, həyətində əkdiyi yüzlərlə ağac, gül kolları və sair haqqında da maraqlı söhbət açmaq olar. Qısası, harada gözəllik varsa, mənəviyyata qida verən məqam varsa, doktor ordadır.

30-40 il öncə bu gününüzü necə təsəvvür edirdiniz?

Ömrümün az qala yarısı sovet, çox yarısı isə müstəqillik adlandırdığımız indiki dövrə düşüb. O vaxt heç münəccimlər də təsəvvür etməzdi ki, biz bu gün hansı məqamları yaşayacağıq. Hələ 2-ci, 3-cü sənaye inqilablarına təzə öyrəşmişdik, indi 4-cü sənaye inqilabından, bədən üzvlərinin apteklərdən satılacağından, süni intellektdən danışırlar. Biz bu həyatı yaşamağa məcburuq. Lakin süni intellektin bəlaları da az olmayacaq. Hələ 40 il öncə Bəxtiyar Vahabzadə yazırdı ki, bunlar reallaşsa axmağın biri dəyərli alimin beyninə göz digəcək. Daha sonrasını demirəm.

Doktor Zabit də titulsuz ziyalılarımızdandır.

Rayonunmuzun səhiyyəsində, ziyalı aləmində əvəzsiz xidmətləri olsa da, hər hansı yadda qalan təltifi olmayıb. Soruşdum ki, özünüz istəmədiniz, ya vermədilər?
Gəl səmimi danışaq. Kim istəməz ki zəhməti layiqincə dəyərləndirilsin? Təxminən 10 il öncə olardı. Məni kənddən təcili şöbəyə çağırdılar. O kağızı gətir, bu kağızı gətir. Sənə Əməkdar həkim adı verəcəyik. Sonra boşa getdi. Sən demə, mən YAP üzvü olmadığım üçün... Belə-belə işlər. Bu barədə bir şeir də yazmışam:

Tanrı payı
Şöhrət arzuladın,
Fəxri ad
Ad-san mənə.

Sağ ol, gülüm, sağ ol.
Minnətdaram sənə.
Fəqət nə vəzifə,
Nə var-dövlət hərisi,
Nə ad san
Şan-şöhrət əsiri oldum.
Əzəldən zəhmətlə yaşadım
Yaşa doldum...
Hər gecəm
Gündüzüm narahat
Bircə axşam belə yatmadım rahat.
Həmişə haraya çatmaq istəmişəm,
Bunu məndən tələb etdi, vicdanım, peşəm.
Azdan-az, çoxdan-çox qazandım.
Tanrıdan həmişə razı qaldım.
Ömrümü parça-parça
Paylamaqdan doymadım
Xəstələrlə xəstə olub
Sağaldım, yorulmadım...
Yordu məni dünyanın bəd işləri
Ağla, qəlbə sığmayan gərdişləri.
Yordu məni çoxüzlülər, yalansözlülər,
Bədniyyətlilər, yamangözlülər
Vəzifədən ötrü baş kəsənlər
Quru adı ilə
Pöhrələri yaş kəsənlər.

Dünyanın yeyib doymayan qarınlar,
Haqqı ədaləti ayaqlayan harınlar...
Bayırda soyuqdur,
Yağır qar
Dünyanı üşüdür soyuq adamlar
Ürəklər donmuş
Baxışlar bumbuz
Pəncəərəmdə xəritə çəkib buz...
Üşüyürəm..
Tanrıdan pay-
Bir stəkan isti çay,
Bir pıçıltılı səs,
Bir isti nəfəs...
Budur ən böyük arzum,
mənim quzum.


Mənim doktor Zabitlə görüşüm var

Müəllifdən: Söhbətimiz 2 saatdan artıq çəksə də elə danışdıqca şaxələnirdi. Gah indiki gənclərin biganəliyindən, məsuliyyətsizliyindən, gah xurafatdan, bəzi mənasız adət-ənənələrin necə əsirinə çevrilməyimizdən, insanların kitabdan qaçaq düşməsinidən... danışıb, fikirlərimiz paylaşırıdq.

Arabir isə söhbəti yarımçıq saxlamalı olurduq. 70 yaşına az qalmasına baxmayaraq doktoru hələ də evində rahat qoymurdular, ən uzaq kəndlərdən belə yanına xəstələr gəlirdi.
Doktor isə təkcə iynə-dərmanla yox, heç vaxt çöhrəsindən əskik olmayan xoş təbəssümlə, şirin zarafatlı, bəzən də ağsaqqal məsləhəti ilə onları yola salırdı.
Zabit doktor elə də rahatlıq həvəskarı deyil. Hər gün nəvəsini kollecə-dərsə aparmaqdan, bir Hacı kimi qəsəbənin xeyir-şərinə getməkdən də yorulmur.
Qısası, doktor Zabit bir ziyalı nümunəsidir. Adı Zabit olsa da, çox dəyərli keyfiyyətləri ilə ziyalılarımızın GENERALLARINDANDIR.
Sağollaşanda isə doktor yenə zarafatından qalmadı:
-Sağ ol, əziyyət çəkmisən. Allah eləsin, heç vaxt bizə, həkimlərə işiniz düşməsin, daim sağlam olasınız.

Zahir Əmənov
  • Tarix: 21.04.2019, 04:49
Xəbəri paylaş
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Xəbərlər