Arkivan.az » Xəbərlər » Daha bir ərkivanlı amerikalı alim

Daha bir ərkivanlı amerikalı alim


Daha bir ərkivanlı amerikalı alim



Tural Sadıqov: - ABŞ-da müəllim tələbəni qiymətləndirdiyi kimi, tələbələr də eyni şəkildə müəllimə “qiymət” verirlər

Müsahibimiz ABŞ-da yaşayan həmyerlimiz, riyaziyyat elmləri doktoru, 32 yaşlı Tural Sadıqovdur.
Biz hələ 2 il öncə “Cənub xəbərləri” qəzetində çap etdiyimiz “Ərkivanlı amerikalılar” yazısında ABŞ-da çalışan Qorxmaz və Rahib Mikayılov qardaşları, eləcə də Mikayılov qardaşlarının ABŞ-da çalışan digər 2 nümayəndəsi haqqında məlumat vermişdik. Bu günlərdə rayona gələn, ABŞ-da çalışan digər gənc ərkivanlı alim Tural bəylə də söhbətləşmək imkanımız oldu.

Tural Sadıqov haqqında qısa məlumat

Daha bir ərkivanlı amerikalı alim


Sadıqov Tural Həsənağa oğlu 1986-cı il, oktyabrın 27-də Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub.
Orta təhsilinin ilk illərini öncə Ərkivandakı Bağlaküçə tam orta məktəbində, 6-cı sinifdən sonra isə Lənkəran Özəl Türk Liseyində alıb.
2003-cü ildə yüksək balla Türkiyənin İstanbul şəhərində Boğaziçi Universitetinə daxil olub, 2008-ci ildə bu ali təhsil ocağının Riyaziyyat fakültəsini uğurla başa vurub və beləcə Bakalavr dərəcəsini qazanıb.

Hələ Türkiyədə oxuyarkən təhsilini davam etdirmək üçün dünyanın bir neçə nüfuzlu ali məktəbinə müraciət edib.
2008-ci ildə ABŞ-ın Bloominqton şəhərindəki İndiana Universitetindən doktoranturaya qəbul üçün dəvət alıb.
Bu təhsil ocağı yüksək göstəricilərinə görə onun təhsil xərclərinin 95 faizini öz üzərinə götürüb. Həmçinin bakalavr səviyyəsində dərs demək üçün onu müəllim kimi də işə qəbul edib. Beləliklə, təhsil aldığı məktəbdə həm müəllim, həm tələbə olub.

Daha bir ərkivanlı amerikalı alim


Tural Sadıqov ABŞ-da təhsil pillələrini uğurla addımlayaraq 2015-ci ilin iyununda ABŞ-da doktoranturanı müvəffəqiyyətlə bitirib, məzun olub, öz elmi işini yüksək səviyyədə müdafiə edərək (Mövzu: Qismi differensial tənliklərin analizi) alimlik dərəcəsi alıb.
Bu elmi dərəcə ABŞ-da Ph.D.(Doctor of Philosophy) təxminən Azərbaycandakı elmlər doktoru səviyyəsinə bərabər sayılır. ABŞ-da riyaziyyat sahəsində bu, son elmi dərəcə hesab edilir.


Daha bir ərkivanlı amerikalı alim


Doktorantura məzunu olmadan bir az əvvəl isə T. Sadıqov Nyu-York Dövlət Universitetinə (SUNY– The State University of New York) dəvət alır.

https://sunypoly.edu/

Burada onun əsas fəaliyyətinin
60 faizini mühazirə oxumaq,
20 faizini riyazi tədqiqatlar aparmaq,
20 faizini isə universitetdə serviz xidmət göstərmək - yəni tələbələrin və işçilərin qarşılanması, təlimatlandırılması təşkil edir.


Tural Sadıqov 29 yaşında elmi işini ABŞ-da uğurla müdafiə edib, elmlər doktoru adı almasını həyatda ən böyük uğuru kimi sayır.
Bundan əvvəllər isə o, ölkə miqyaslı Respublika Riyaziyyat Olimpiadalarında ardıcıl olaraq 4 dəfə (2000, 2001, 2002, 2003-cü illər) qızıl mükafata layiq görülüb. 2 dəfə dünya olimpiadasına qatılan T. Sadıqov 2002-ci ildə Böyük Britaniyadan “əliboş” qayıtsa da, 2003-ci ildə Yaponiyada 457 məktəblinin qatıldığı beynəlxalq riyaziyyat olimpiadasından (IMO – International Mathematical Olympiad) bürünc medalla qayıdıb.

https://www.imo-official.org/participant_r.aspx?id=7235

Daha bir ərkivanlı amerikalı alim


Qarşıdakı hədəfləri

Hazırda onun əsas hədəfi çalışdığı Universitetdə daimi işçi olub professor dərəcəsinə yüksəlmək, Nyo-Yorkun güclü riyaziyyatçılarının toplaşdığı, ABŞ-ın ən reytinqli banklarını əhatə edən Wall Street-də data analizçi kimi yer almaqdır.

Tural Sadıqov hazırda Nyu-York ştatının Utica şəhərində yaşayır. Özünün bildirdiyinə görə, hələ ki, ABŞ-dakı Azərbaycan cəmiyyətlərinin tam içində olmasa da, buradakı azərbaycanlılarla sıx əlaqə saxlayır.

Onu da bildirək ki, Tural Sadıqov, universitetdəki iş yoldaşı (eyni zamanda riyaziyyat kafedra müdiri) William Thistletonla birlikdə dünyanın məşhur onlayn təhsil platformalarından olan Coursera saytından orada onlayn dərs vermək üçün dəvət alıb. Bu layihə artıq həyata keçirilib.

Hal-hazırda Tural Sadıqov və William Thistletonun verdiyi zaman sıraları analizi (Practical Time Series Analysis) dərsi onlayn olaraq mövcuddur. Bu dərsdə, hal-hazırda toplam 9800 tələbə var və bunların 7098 nəfəri aktiv olaraq təhsillərini davam etdirir. Qeyd edək ki, tələbələr içində dünyanın bir neçə ölkəsindən (ABŞ, Hindistan, Böyük Britaniya, Almaniya, Kanada, Çin, Braziliya və.s) insanlar var. Azərbaycanlı tələbələr də mövcuddur.


Dərsin linki aşağıdadır:
https://www.coursera.org/learn/practical-time-series-analysis

Məlumat üçün onu da xatırladaq ki, Tural Sadıqov nəinki Ərkivanda, eləcə də bütün Masallı rayonunda gözəl insan, gözəl riyaziyyat müəllimi kimi tanınan, yüzlərlə şagirdin sevimlisi olan Həsənağa Sadıqovun oğludur. Həsənağa müəllim Turala riyaziyyati çox kiçik yaşlarında öyrətməyə başlayıb.
Tural Sadıqovun Masallı rayonunda olmasından istifadə edərək, onunla bir neçə saatlıq söhbətləşmək imkanımız da oldu. Həmin söhbətdən yadımızda qalan bəzi məqamların sizin üçün də maraqlı olacağını nəzərə alıb onları sizə təqdim edirik.

Tural Sadıqovun dediklərindən:

- ABŞ mənim uşaqlıq və gənclik xəyallarımın ünvanı idi. Xüsusən, həmyerlilərim Qorxmaz və Rahib Mikayılovların ABŞ-dakı uğurlu alimlik fəaliyyəti məni ruhlandırır, məni ora çəkirdi (Yeri gəlmişkən, deyim ki, mən bu 2 alim qardaşlarla ABŞ-da bir neçə dəfə görüşmək imkanı qazandım).
Uşaqlıq xəyallarımda ABŞ mənim üçün ancaq hündürmərtəbəli binalardan ibarət idi. Lakin buradakı yaşıllıqlar, saysız – hesabsız göllər məndə başqa təəssüratlar yaratdı.

ABŞ təhsili müəllim yox, tələbə mərkəzlidir

ABŞ-da təhsilin olduqca maraqlı və özünəməxsus ölçüləri var. ABŞ təhsili müəllim yox, tələbə mərkəzlidir. Yəni, ali məktəbdə əsas fiqur müəllim yox, tələbədir.

Tələbə gözləmir ki, biz ona hər şeyi addım-addım öyrədək, sadəcə düzgün, dəyərli istiqamət istəyir. Bizim atalar sözündə deyildiyi kimi, biz ovçuya (tələbəyə) dağı göstəririk. Ovu o, özü tapır. İndi dəbdə olan bir ifadədə deyildiyi kimi, ona balıq vermirik, balıq tutmağı öyrədirik.

ABŞ-da tələbələrə fərdi yox, qrupla çalışmaq öyrədilir. Layihələrlə işləmələrinə daha çox üstünlük verilir. Onlar özləri layihə seçib, özləri də məşğul olur. Müəllim sadəcə olaraq onlara istiqamət verir.

Orada tələbələrin geyiminə, rəftarına heç kim qarışmır. Tələbələr daima dərsə gəlmək məcburiyyətində də deyillər. Amma tələbə 1 dərs belə buraxarsa, olduqca geri düşür, bu da onun üçün çox böyük itkidir. Buna görə yüksək bilik almaq istəyən tələbə demək olar ki, dərs buraxmır.
Təkcə müəllim tələbəni yox, tələbə də müəllimi qiymətləndirir.
Hər semestrin sonunda müəllim tələbəni dəyərləndirir, eləcə də tələbə anonim şəkildə müəllimi dəyərləndirir. Yəni müəllimlə yeni müqavilələr bağlananda həmin nəticələrə ciddi diqqət yetirilir.

ABŞ-da xobbisi olmayan şəxslərə çox da hörmətlə yanaşmırlar.
Məsələn, mən futbol oynayır və futbola azarkeşlik edirəm. İmkan tapdıqca isə astranomiya ilə maraqlanıram.
Həyat yoldaşım masallılıdır, kollec təhsillidir. ABŞ-da ingilis dili üzrə təhsil alıb. Çalışma hüququ olmadığı üçün hələ ki, işləmir.


Daha bir ərkivanlı amerikalı alim


Onu da deyim ki, amerikalılar Avropaya nisbətən ailəyə, uşağa çox bağlıdırlar. Qohumla qohumun evlənməsinə isə olduqca ikrahla baxırlar. Belə hallar ABŞ-ın ən çox rayon və kəndlərində hiss edilir.
Xüsusən, bir-birlərinin xeyrinə-şərinə getmək, bayramlarda bayramlaşmaq amerikalıların oturuşmuş ənənələrinə çevrilib.

ABŞ-da dini dəyərlər də çox güclüdür

Dindarların öz qrupları var və bir-biri ilə sıx əlaqə saxlayırlar.
Din dövlətdən ayrı olsa da, imkan daxilində dövlət dinin imkanlarından maksimum faydalanmağa çalışır.

Təbii ki, ABŞ-ın öz qəribəlikləri də var


Sən amerikalı ilə bir yerdə oxuyur, yaxud çalışır, eləcə də hər hansı məclisdə görüşürsənsə, onunla rastlaşanda o, həmişə səninlə salamlaşmaq zorunda deyil və sənin yanından lap səni tanımırmış kimi də keçə bilər.
Onlar səhvi bağışlamırlar. 100 yaxşı işin varsa, bircə səhv addım atırsansa, həmin səhvə görə mütləq cəzanı almalısan. O 100 yaxşı iş səni sığortalamır.

Hər yerdə kofe içirlər, bizdə çoxlu çay içilən kimi.
İnsan hüquqları gerçəkdən qorunur. Təkcə dövlət yox, insanlar da bir-birinin hüquqlarına çox hörmətlə yanaşır.
Amerika siyasətində pul önəmli rol oynayır. Rüşvət olmasa da, digər formada bundan faydalanırlar. Məsələn, aparıcı şirkətlər millət vəkillərini işə götürür. Həmin millət vəkili də imkan daxilində o qəbil şirkətlərin xeyrinə qanunlar qəbul etməkdə maraqlı olur. Onlarda reklam da qəribədir. Öz şirkətlərini tərifləməyə maraqlı olmasalar da, rəqib şirkəti gözdən salmağa daha çox üstünlük verirlər.

ABŞ-da qəzet inanılmaz bir gücdür

Nüfuzlu qəzetlər Prezidenti kəskin tənqid edir, Prezident də onları. Lakin yenə kəskin yazmaqlarında davam edirlər. Hər bir kəsə fikrini ifadə etməkdə böyük dəyər verirlər.

ABŞ Prezidenti kitab oxumur

ABŞ-da seçicilərin 37 faizi qeyd-şərtsiz Trampın nə etməsindən asılı olmayaraq onu dəstəkləyir. 40-47 faiz seçici yüksək bilgi, intellekt sahibi olmadığı, kitab oxumadığı, informasiyanı ancaq televizordan aldığı, qadınlara, özü də immiqrant olduğu halda immiqrantlara hörmətsiz yanaşdığı üçün onu sevmir və dəstəkləmir. Bir qrup isə onun fəaliyyətində ancaq biznes maraqlarını güdür. Yerli məhkəmələr tez-tez onun qadağalarla verdiyi qanunları ləğv edir.

Orta təhsil sistemi amerikalıları razı salmır

ABŞ-da orta təhsil sistemi insanları razı salmır. ABŞ qanunlarına görə harada yaşayırsansa, övladın o ərazidəki məktəbə getməlidir. Harada vergi pis yığılırsa, o ərazidə təhsil də aşağı olur. Yaxşı məktəbin yanında ev alan çox olur və həmin ərazilərdə evlər çox baha satılır, çünki yaxınlığında yaxşı məktəb var.

Kasıbların yaşadığı ərazidə məktəb də pis olur. Oranı bitirənlər normal ali təhsil ala bilmir. Nəticədə o pis çevrəni qırmağı bacarmırlar.

Hələ ki geri dönməyi düşünmürəm

10 ilə yaxındır ki, ABŞ-da yaşayıram. Bir dəfə Azərbaycandakı ADA Universitetindən qeyri-rəsmi təklif gəlmişdi. Lakin hələ ki ABŞ-da qalmağı üstün tutdum.

Azərbaycana, rayonumuza 4 il öncə gəlmişdim. Quruculuq işlərində dəyişiklik var, lakin çox təəssüf edirəm ki, insanların düşüncəsində, onların günbəgün yeniləşən dünyanı dərk etməsində nəinki irəliləyiş, çoxlu geriləmə görürəm.

Əxlaqa baxış simvolikdir. Adamlara düşüncələrindən daha çox əlamətlərinə görə dəyər verirlər. Bir çoxunda normal informasiya olmasa da, çoxlu anormal fikirlər var. Məsələn, yeməkxanada Darvin barədə söhbət edirik, xidmətçi gəlib xəbərdarlıq edir ki, burada dindən danışmaq olmaz. Primitiv düşüncəli insanlar çox olsa da, bunlardan qurtulmaq istəyənlər çox azdır.
Mənə elə gəlir ki, biz adət-ənənələrə münasibətdə də praqmatik olmalıyıq.

Atamın sağlığında etdiyi vəsiyyət

Daha bir ərkivanlı amerikalı alim


Tanıyanlar bilir ki, bizim çox gözəl atamız var - Həsənağa müəllim. O, təkcə bizə yox, yüzlərlə gəncə gözəl riyaziyyatçı, gözəl insan olmaq öyrədib. Hazırda o, ağır xəstədir və müalicəsi demək olar ki mümkünsüzdür.
O, artıq vəsiyyətini də yazıb - hüzr 3 gün olsun, ehsan verilməsin (imkan olsa 8-10 imkansıza yardım edilsin), hüzrdə xərc yığılmasın, məclisdə bir molla əyləşsin, imkan olarsa, onu tanıyan ziyalılar məclisdə təhsildən, mədəniyyətdən, mənəviyyatdan söz açsınlar.

Nə isə. Deyiləsi söz çoxdur. Ümid edirəm ki, Masallıya növbəti gəlişimdə burada yüksək intellekti olan insanların çoxluğundan təəccüblənə biləcəm. Biz dünyada yaxın vaxtlarda gözlənilən 4-cü sənaye inqilabına hazır olmalıyıq.

Tural Sadıqovun şəxsi Linkedin hesabı:

https://www.linkedin.com/in/tural-sadigov-49ba7418/


Hazırladı : Zahir Əmənov



  • Tarix: 18.07.2018, 08:29
Xəbəri paylaş
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbərlər