Arkivan.az » Xəbərlər » Gəlin, biz də qan verək Min xəstəyə can verək

Gəlin, biz də qan verək Min xəstəyə can verək


Tanınmış professor Əlniyaz Məmmədov əhalini qanvermətəşəbbüsünə qoşulmağa çağırdı

Gəlin, biz də qan verək Min xəstəyə can verək


Qanvermə tarixinə nəzər


Professor Ə. Məmmədov müraciətdə bildirir ki, 25 sentyabr 1881-ci ildə Britaniyada dünyada ilk dəfə həyata keçirilən bir əməliyyat bəşər tarixində böyük bir hadisə olub, müasir tibbin təşəkkül tapmasında əhəmiyyətli rol oynamışdır. Belə ki, Britaniyalı həkim Ceyms Blandell dünyada ilk dəfə olaraq böyük risk altında doğuş zamanı hədsiz qan itirmiş və həyatı təhlükədə olan cavan bir anaya öz ərindən qan götürərək köçürmüş və xoşbətlikdən bu qadın ölümdən xilas olmuşdur. Ancaq o zaman nə qan qrupu nə rezus faktor haqda hələ ki, elmə heç nə bəlli deyildi. O vaxtdan indiyə qədər qan köçürmək yolu ilə milyonlarla insan ölümün pəncəsindən xilas edilmiş və həyata qayıtmışdır. Insanın düçar olduğu elə hallar olur ki, onu heç bir dərmanla deyil, yalnız və yalnız ona qan köçürməklə xilas etmək mümkün olur. Doğrudan da müdriklərin dediyi kimi “qan həyat mənbəyidir”. Əgər insan orqanizmindən qan axıb qurtarırsa artıq insan yaşamaq qabiliyyətini itirir və dünyasını dəyişir.
Təbabətin və təbabətlə bağlı digər elm sahələrinin, texnikanın müasir inkişaf səviyyəsinə baxmayaraq hələ də süni qan yaratmaq mümkün olmamışdır. Ona görə də istifadə olunan qanın yeganə mənbəyi insandır.
İnsanlara qan köçürülməsi bir sıra xəstəliklərin müalicəsində, cərrahi əməliyyatlar vaxtı, onkoloji və hematoloji xəstələrə yardım zamanı və s. hallarda planlı qaydada həyata keçirilsə də, ağır travmalar, doğuşlar və digər ciddi qanitirmələr vaxtı təcili qanköçürməyə ehtiyac olur.
Qan xidmətinin inkişafı cərrahiyyə, reanimasiya, doğuşa yardım, hematologiya, onkologiya, travmatologiya və digər sahələrdə ixtisaslaşdırılmış tibbi yardımın uğurla həyata keçirilməsində mühüm rol oynanır. Xüsusi hallarda, fövqəladə vəziyyətlərdə, kütləvi surətdə yaralı və zərərçəkənlər olduğu vaxt qan xidmətinin əhəmiyyəti daha da artır.

Bəs hansı hallarda qan köçürülməsi labuddür.

Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə dünya əhalisinin hər 3 –dən biri öz həyatı boyu heç olmasa bir dəfə də olsa qanköçürməyə ehtiyacı olur. Bu rəqəm nə qədər şişirdilmiş olsa belə qan köçürmənin insan həyatında necə önəmli olmasından xəbər verir. Qan təbii fəlakətlər, yol qəzaları, silahlı konfliktlər və digər travmalarda, yanıqlarda, doğuş və cərrahi əməliyyatlar vaxtı, onkoloji xəstələrin müalicəsində vacibdirsə, hemofiliyalı, talassemiyalı, leykozlu xəstələr və digər profuz qanitirmələr zamanı həyatı əhəmiyyət kəsb edir.
Fövqəladə hadisələr zamanı hər il milyonlarla insanın həyatına, sağlamlığına təhlükə yaranır, təqribən bir o qədər də öz həyatını itirir. Təbii ki, bu qədər qanköçürməyə ehtiyacı olan insanların qanla təminatı donorlar vasitəsilə həyata keçirilir.
Donor latın sözü olub – donore – bəxş etmək, bağışlamaq, vermək mənasını verir. Qan donorluğu dedikdə isə hər bir şəxsin öz qanını və ya qan konponentlərinin ehtiyacı olan insanlara könüllü surətdə verilməsi başa düşülür.

Donor olmaq çox ləyaqətli, şərəfli, xeyirxah və alicənab bir işdir.

Həqiqətən də əli dünyadan üzülməkdə olanların köməyinə çatmaq, onları ölümün pəncəsindən xilas etmək çox savab və humanist bir məsələ olub ikiqat şərəflidir. Milyonlarla insan sağ qaldığı üçün tanımadıqları, adını belə bilmədikləri bu qəhrəman insanlara - donorlara minnətdardırlar.
Doğrudan da bir insanın həyata qayıtması neçə-neçə insanların, ölümdən qurtarmış şəxsin doğmalarının hədsiz sevincinə səbəb olur.
14 iyun məhz bu qəhrəman insanların, heç bir təmənna gözləmədən öz qanını bağışlayan donorların günüdür. Bu gün heç də təsadüfi seçilməyib. 14 iyun ABO sistemi üzrə qan qruplarını kəşf etmiş Nobel mükafatı laureatı Karl Landşteynerin doğum günüdür. (O, 14 iyun, 1868, Vyanada dünyaya gəlmişdir).
2005-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə 14 iyun Qan Donoru Günü kimi qeyd edilməsi nəzərdə tutulub.

Donorluğun könüllü və ya ödənişli olması şəxsin öz istəyindən asılıdır.

Əvvəllər daha çox təmənnalı donorluq edənlər çox idisə hazırda könüllü qan verənlərin sayı onları üstələməkdədi.
Təhlükəsiz donor qanı ehtiyatlarının kifayət qədər könüllü, təmənnasız formada təşkili hər bir ölkədə Səhiyyə Nazirliyinin əsas vəzifələrindən biridir. Səhiyyə sistemi normal çalışan ölkələrdə hər 1000 nəfər əhaliyə 40 donor düşür. Azərbaycanda qan donorluğunun tarixi 70-80 illik bir dövrü əhatə edir və bu sahədə çox böyük irəliləyişlər əldə olunmuşdur. Yaradılan rayonlararası qanköçürmə, qan tədarükü mərkəzləri demək olar ki, respublikamızın bütün regionlarını əhatə edir və çox uğurla dövlətin bu sahədəki siyasətini həyata keçirir. Əhalinin qan və qan komponentləri ilə təminatı dövlətin həmişə nəzarətində olub və bu sahədə bir sıra qanunlar qəbul olunmuşdur.
03.05.2005-ci ildə “Qanın, qan komponentləri donorluğu və qan xidməti haqqında” möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən imzalanmış Azərbaycan Respublikasının Qanunu buna ən bariz nümünədir.

Dünyada təhlükəsiz donor qanına ehtiyac artmaqdadır.

Ümumiyyətlə, hazırda bütün dünyada təhlükəsiz donor qanına ehtiyac artmaqdadır. Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il minlərlə hamiləlik və doğuş zamanı ağırlaşması olan anaları, körpə uşaqları, xəsarət alanları və digərlərini ölümdən xilas etməyə kömək edir. Təcrübəyə əsaslanan mütəxəssislər qeyd edirlər ki, ən təhlükəsiz olan könüllü təmənnasız donorların qanıdır. Yaşatmaq üçün qan vermək ən böyük savabdır.
Praktiki sağlam olan 18-60 yaş arası, çəkisi 50 kq-dan az olmayan hər bir şəxs qan verə bilər. Yaşı 60-dan çox olan lakin sağlam şəxs də qan verə bilər. Kişilər il ərzində 4, qadınlar isə 3 dəfə qan verə bilərlər. Qan sağlam insanlardan götürülür. Infeksion xəstəliklər (hepatit B, C, QİÇS, vərəm və s.), onkoloji, hematoloji, şəkərli diabet, qanazlığı və s. kimi xəstəliklər donorluq uçun əks göstərişlərdir.

Ona görə qanverməyə gələn şəxs hərtərəfli həkim müayinəsindən keçməlidir.


Hər bir şəxs bir dəfəyə 400 ml qan verə bilər. Bu bütövlükdə qan şəklində deyil ondan alınmış komponentlərindən də bir neçə xəstənin müalicəsində istifadə etmək olur.

Mütəxəssislərin fikrinə görə donorluq yəni 400 ml qan vermək orqanizmə hec bir ziyan vermir, əksinə, qanvermənin insan orqanizminə xeyirli tərəfləri daha çoxdur.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə qan vermiş insanlarda ürək-damar xəstəliklərinə az rast gəlinir, qan toxumaları yenilənir. Mütəmadi qan verən şəxs öyrəşdiyindən müxtəlif qəzalar zaman baş verən qan itkisinə artıq hazır olur. Donorların yaşama müddəti digər insanlardan 5-10 il çox olur. Verilən qan qısa müddətdə bərpa olunur.
Bir sıra ölkələrdə donorluq bir çox aksiyalarla həyata keçirilir. Ölkəmizdə isə bu aksiyalar “Yaşatmaq üçün qan verin”, “Qan verək ki, can verək”, “Qan ver çox yaşa” devizləri altında keçirilir. Bunlardan ən önəmlilərindən biri H.Əliyev fondunun vitse prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi və təşkilatçılığı ilə Moskva şəhərində hər il “Qanın milləti yoxdur” devizi altında keçirdiyi aksiyadır. Buradakı qanvermə aksiyasında bütün dünya millətlərindən çoxsaylı nümayəndələr iştirak edir. Belə bir aksiya təbii ki, dostluğun, etimadın, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək edir. Tədbirdən çıxan nəticə odur ki, aksiya iştirakçıları bütün dünyaya göstərmək istəyirlər ki, yer üzündə qan tökülməməli, əksinə qan xoş məram üçün paylaşmalıdır.

Şeyxin Dəyərli təşəbbüsü


Belə möhtəşəm aksiyalardan biri də hər ilə hörmətli şeyximiz Hacı Allahşükür Paşazadə həzrətlərinin təşəbbüsü ilə məhərrəmliyin 10-cu “aşura” günü artıq 20 ilə yaxındır ki, cox uğurla həyata keçirilən qanvermə aksiyasıdır. Həmin gün minlərlə insan hörmətli şeyximizin çağırışına qoşularaq könüllü, təmənnasız qanvermə məntəqələrinə gələrək öz müqəddəs, şərəfli, humanist vəzifələrini yerinə yetirirlər. Bu tədbirdə bir çox dövlət rəsmiləri, vəzifəli şəxslər də iştirak edərək öz qanların ehtiyacı olanlara bağışlayırlar. Aksiyanın devizi dünyada ədalətsiz müharibə aparan, terrorçuluqla məşğul olan, əbəs yerə insan qanı axıdanlara bir çağırışdır. Qoy dünyada həmişə sülh olsun, hədər yerə insan qanı axıdılmasın, mərhəməd göstərib qanımızı ehtiyacı olanlara verək, qan insan ölümünə yox, insanların həyata qayıtmasına xidmət etsin.
Artıq bir çox yaxın və uzaq ölkələrdə də bu aksiya bəyənilərək, tətbiq olunmaqdadır. Gəlin unutmayaq ki, “Qan həyat mənbəyidir”. Gəlin əbəs yerə qan tökməyək. Onun qədrini bilək.



t.e.d., professor Əliniyaz Əli oğlu Məmmədov

Gəlin, biz də qan verək Min xəstəyə can verək
  • Tarix: 13.09.2018, 20:25
Xəbəri paylaş
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbərlər