Arkivan.az » Xəbərlər » Ərkivan bələdiyyəsi-uğurlar və gileylər

Ərkivan bələdiyyəsi-uğurlar və gileylər


Ərkivan bələdiyyəsi-uğurlar və gileylərMüsahibimiz Ərkivan qəsəbə bələdiyyəsinin sədri Anar Rəcəbovdur.
Rəcəbov Anar Əlniyaz oğlu. 1982-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. Azərbaycan Texniki Universitetinin “ Optik Rabitə Fizikası və Texnikası” fakültəsini bitirib. Magistrdir.
3 il “AzərCell”-in “VİER” ELTD-də mühəndis vəzifəsində işləyib, daha sonra azad sahibkarlıqla məşğul olub.
2014 dekabr seçkilərində Ərkivan bələdiyyəsinə üzv seçilib. 2015-ci ilin sentyabrından isə həmin qəsəbənin bələdiyyə sədri.
Anar Rəcəbovla söhbəti sizə təqdim edirik
- Rəhbərlik etdiyim bələdiyyə 9 min nəfərə yaxın seçicini əhatə edir. Gördüyümüz işlər də, hədəflərimiz də genişdir. Təhsilə də, idmana da, abadlığa da ciddi diqqət yetiririk. Qəsəbənin əhalisinin çoxluğunu nəzərə alsaq, vaxtımızın çoxu şikayətlərin və müraciətlərin araşdırılmasına və həllinə gedir. Çalışırıq ki, heç kim bizdən narazı qalmasın.
- İlk işlərimizdən biri qəsəbədə Mənzil Kommunal Xidməti yaratmaq oldu. Qəsəbənin ərazisində 650 zibil çəlləyi yerləşdirmişik. Həftədə bir dəfə həmin zibillər müqavilə bağladığımız zibil maşını ilə daşınır. Vətəndaşlar buna görə ayda 3 manat (az imkanlı ailələr 2 manat) ödəyir. İlk vaxtlar çətinlik yaransa da, indi bu işlər tam yolundadır. Yəni, zibillərin toplanmasında və daşınmasında heç bir problem yoxdur.
- Məlum olduğu kimi qəsəbənin ərazisi geniş və əhalisi çoxdur. Buradakı problemləri bir neçə bələdiyyə üzvü ilə həll etmək çətindir. Buna görə məhəllə komitələri və icmalar yaratmışıq. Abbaslı-isoba-Göllü icması bu sahədə daha fəaldır. Həmin icmanın eyni adlı Facebook səhifəsi də vardır. Bu sahədə işlərimizi daha da genişləndirəcəyik.
- İşimizdə aşkarlığı təmin etmək üçün “Arkivan.az” saytının fəaliyyətini bərpa etmişik. Görüyümüz və görəcəyimiz işlər barədə bu sayt vasitəsi ilə məlumat verəcəyik. Saytın redaktoru “Cənub xəbərləri” qəzetinin baş redaktoru Zahir Əmənovdur. Siz saytla bağlı arzu və təkliflərinizi ona bildirə bilərsiniz.
- Ən uğurlu işlərimizdən biri bizim maliyyə dəstəyi ilə qəsəbədə fəaliyyət göstər “Ərkivan” futbol komandasıdır. Komandanın bütün maliyyə xərclərini öz üzərimizə götürmüşük. Hazırda komanda ölkənin Həvəskarlar liqasında çıxış edir. Onun da xatırladaq ki bu liqada cənub bölgəsindən 2 komanda - Boradigah və Ərkivan qəsəbələrinin komandaları çıxış edir.
- Su-kanalizasi xəttinin çəkilişi ilə bağlı qəsəbə daxili yollarda xeyli qazıntı işləri aparılıb. İndi bizim əsas işlərimizdən biri bu yolları abadlaşdırmaqdır. Təkcə son vaxtlar Qəsəbə ərazisində 1 km-ə yaxın yola çınqıl tökülüb.
- Məlum olduğu kimi bələdiyyə yerli özünü idarə təşkilatıdır. Büdcəmizə vergilərdən, icarə haqqından nə qədər çox pul daxil olsa, daha çox iş görə bilərik.
Elə ən ciddi problem də vergilərin normal yığıla bilməməsidir. Təxmini hesablamalara görə biz hər il 55-60 min torpaq vergisi yığmalıyıq, bunun heç 10 faizi də yığılmır. Bələdiyyədən umub-küsənlər çox, yardım edənlər azdır. Hələ də bəziləri başa düşmür ki, normal büdcəmiz olmalıdır ki, ona uyğun da iş görək. Məsələn, 1 hektara görə pay torpağı üçün təxminən ildə 8 manat pul, həyətyanı torpaq sahəsinin 1 sotu üçünsə ildə 3 manat 60 qəpik ödənməlidir. Amma çox təəssüf ki, 1 il ərzində payı bəlli torpağa görə cəmi 450 manat, həyətyanı torpağa görə isə 148 manat ödənilib. Bu barədə cədvəllər sayta yerləşdiriləcək və bəlli olacaq ki, kimlər vergidən yayınır.
Təəssüüf ki, vergilərin toplanması sahəsində normal mexanizm yoxdur. Qanunla biz vergi ödəməyənləri məhkəməyə verməliyik. Belə çıxır ki, biz 5 mindən artıq ailəni məhkəmələrə çəkməliyik. Bu, isə növbəti seçkilərdə bizim üçün ciddi problem deməkdir. Yaxşı olar ki, əkin-biçin üçün vətəndaşlara subsidiya veriləndə həmin şəxsin torpaq vergisi verib-vermədiyi araşdırılsın və vergi ödənməyibsə, həmin pul ona verilən yardımdan çıxılsın.
Bələdiyyə büdcəsini artırmaq üçün çoxlu yollar var. Belə ki, ərazidəki ticarət şəbəkələrindən, eləcə də texniki baxışdan keçən avtomobillər üçün tutulan rüsumlardan bələdiyyələr üçün də vəsait ayrılsın.
Qarşıdakı hədəflərimiz isə genişdir. Belə ki, Bakıda alitəhsil alan qızlarımız üçün bələdiyyə hesabına mənzil kirayələmək, 600-dən artıq bal toplayan tələbələri mükafatlandırmaq üçün imkanlar arayırıq.
Yeri gəlmişkən, qəsəbə ziyalılarından xahiş edirik ki, Arkivan.az saytına materiallar hazırlanmasında onun yaradıcılarına yardımçı olsunlar. Biz bu sayt vasitəsi ilə sizinlə tez-tez görüşəcəyik.

  • Tarix: 02.06.2016, 03:11
Xəbəri paylaş
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Xəbərlər