Arkivan.az » Xəbərlər » Bölgəmizin Könül adlı bir yazarı da var imiş

Bölgəmizin Könül adlı bir yazarı da var imiş


O həm də Kitab bloqeri kimi müxtəlif kitablar haqqında çoxlu video-analizlərin müəllifidir. 
Sosial şəbəkələrdə tez-tez “Könül Nuriyeva” imzası ilə yazan bir xanımın statuslarına, məqalələrinə rast gəlirdim. Bu günlərdə isə Könül xanım statuslarının birində Cənub bölgəsindən olduğunu qeyd etmişdi. Diqqətimi çəkdi. “İzinə” düşdüm. Bəlli oldu ki, 150-yə yaxın birgə FB dostumuz var. Könül xanımın boya-başa çatdığı məkan da hara olsa yaxşıdır? Elə mənim doğulduğum, boy-başa çatdığım Ərkivan Qəsəbəsi.

Qısa tərcümeyi-halına nəzər salaq - Nuriyeva Könül İbrahim qızı Masallı rayonunun Ərkivan qəsəbəsinin Bağlaküçə məhəlləsində anadan olub. Bağlaküçə məktəbini əla qiymətlərlə başa vurub. 1994-1998- ci illərdə Xarici Dillər Universitetinin fransız dili və filologiyası fakültəsini bitirib. 4 il C. Cabbarlı adına Ərkivan kənd orta məktəbində fransız dili və tarix müəllimi kimi fəaliyyət göstərib. 2003-cü ildə isə ingilis dili ixtisasına yiyələnib.

İndiyədək ölkə və ölkə xaricindəki ədəbi saytlarda və jurnallarda çoxlu hekayələri və məqalələri çap olunub. O həm də Kitab bloqeri kimi müxtəlif kitablar haqqında saysız video-analizlərin müəllifidir.

"Kitab bağçası Adrianna" adlı online Kitab Evinin yaradıcısıdır. İndiyədək bir çox, xüsusilə ucqar rayonlarda yerləşən kitabxanalara, eləcə də 44 günlük Qarabağ müharibəsi zamanında hərbi hospitallara təmənnasız olaraq kitablar hədiyyə edib. 

Könül xanım sosial şəbəkə üzərindən sosial-əxlaqi, mənəvi- psixoloji məzmunlu çoxlu statusların müəllifidir.
Könül xanımın yazıları nələr ilə diqqət çəkir? Bu yazılarda nə hay-küy, nə yersiz təmtəraq, nə də şablon deyimlər var. Hər şey olduqca səmimidir. Sadəcə, Könül xanım gündəlik düşüncələrini, hiss-həyacanlarını bədiiləşdib, izləyiciləri ilə bölüşür, sanki məhrəm bir dost kimi səninlə dərdləşir.

Bu yazının sonunda onun bir neçə məqaləsini və statusunu sizə təqdim edəcəyik -oxuyun, duyun, özünüz dəyər verin.
Həmin yazılardan öncə isə Könül xanımdan telefonla aldığımız kiçik müsahibəni sizə təqdim edirik.

Könül xanım, necə oldu ki, qələmə sarılmağa, hislərinizi geniş oxucu auditoriyası ilə bölüşməyə qərar verdiniz?

Öncə cenub.az saytına yaradıcılığıma diqqət yetirdiyi üçün təşəkkür edirəm. Anam deyirdi ki, sən hələ məktəbə getməmişdən öncə yazırdın. Dəftərin olmadığın və hərfləri tanımadığın üçün, şəkillərin arxasına nələrsə yazırdın, sonra guya oxuyursan kimi, uca səslə özündən nələrsə quraşdırırdın. Əslində nə hərf bilirdin, nə söz. Bu anamın xatirəsidir, mən o vaxt heç özümü dərk etmirdim. Amma 1990- cı ildən, yəni 7-ci sinifdən indiyədək saysız-hesabsız dəftərlərim var: içində hekayələr, əhvalatlar, şeirlər... Həmişə deyirəm ki, “yazıçı” böyük sözdür. Ölkədə çoxlu yazarlar var. Amma onların əksəriyyəti əslində yazmır. Daha doğrusu içində yazır, kağıza köçürmür. Öncə yazan adam və layiqli yazan adam olaq, gerisi işgüzarlığa və bacarığa qalıb. Bir də təkəbbür kimi yazan adamı məhv edən ikinci xüsusiyyət tanımıram.

Deməli, “nə vaxtdan yazırsan?” sualına bir cavab var: ya dünyaya yazar kimi gəlir, yazıyla, ədəbiyyatla dünyaya göz açırsan, ya heç gəlmirsən. "Sonra"sı boş söhbətdir.

Yazdıqlarınızdan sizə ən çox doğma olanı hansıdır?

 Məncə, çap olunan əsərlərim sırasında mənə ən çox doğma olan hekayəm "Yemişan kolunun aclığı" adlı hekayəmdir. Onu əvvəlcə oxuculara bir xarici yazıçının hekayəsi kimi təqdim etmişdim: səs- küy, rəylər, dəyərli fikirlər, alt mənanı tutan adamlar. Çox qəşəng qarşılanmışdı. Amma müsabiqədə yer tutmadı, bəyənmədilər. (Gülür)

Yazmaq istədiyiniz, lakin yaza bilmədikləriniz varmı? 

Yazmaq istədiyim, lakin müxtəlif səbəblərdən yaza bilmədiklərim daha çoxdur. Belə yazılar, necə deyərlər, hələ içimdə böyüyür, daha da püxtələşir və zaman tapdıqca onlar da işıq üzü görəcək.

Qadın yazarlarımızdan kimləri daha çox oxuyursunuz?

 Qadın yazıçılarımızadan Ülviyyə Tahiri, Ələviyyə Babayevanı daha çox oxuyuram. Tarixi romanlar silsiləsindən. 
Deməli, “Nə vaxtdan?” yazırsan sualına bir cavab var: ya dünyaya yazıyla, ədəbiyyatla gəlirsən, ya heç gəlmirsən. "Sonra" boş söhbətdir.

-Sizcə, bu gün qadınlarımız hansı çərçivələrdən çıxa bilmir, yaxud da, bəzi çərçivələrdən çox kənarlaşırlar?

Qadınlar!... Ünsiyyət etdiyim saysız qadınlar olub. Bildiyim bir şey var: məncə, qadın hər hansı sahədə uğur qazanmaq istəyirsə, onun üçün ən ciddi mane, ətrafın onun üçün qoyduğu qadağalardır. Düşünürəm ki, bu dünyada istedadlı qadının qarşısını nə ata, nə ana, nə ər, nə qardaş, nə qonşu kəsə bilər. Yeganə olaraq övladdır ki, qadın ona görə nələrdənsə imtina edə bilər və yaxud edə bilər. Amma, məncə bir gün övlad da onu anlayacaq və qürur duyacaq.

Sizcə bu gün cəmiyyət üçün ən lazımlı olan, çatışmayan nədir?

Bu ölkənin adamını 44 günlük müharibədən əvvəl və sonrakı dövrə ayırıram. Müharibəyə qədər güclü inamım vardı, elə bilirdim daha C. Məmmədquluzadə rahatdır. Müharibədən sonra isə mən çox adamda sərbəst düşüncənin çatışmadığını, sərbəst təhlilin, xüsusilə özünütəhlilin zəif olduğunu gördüm. Bu xüsusən ölkənin təhsilli gənclərinə aid idi və üzücü idi. Nitşenin xoşuna gəlməyən ümidə yenə inanmaq istərdim. Çünki, əlimizdə bu gün iki şey qalıb: ümid və kitablar.

Yaxın hədəfləriniz?

 4 ildən artıqdır məşğul olduğum kitab bloggeri işini bu il daha yüksək səviyyəyə çatdırmaq, texniki və mətn baxımından inkişaf etdirmək, sentyabr ayının sonuna kitabımın nəşri və çoxdandı ürəyimdə olan filologiya üzrə namizədlik dissertasiyasının müdafiəsinə hazırlaşmaqdır.

 İl ərzində məqalələrlə çıxış etmək əsas işim olaraq qalır. Bir planım da var: bir məkan kirayələyib, ədəbi müzakirələr üçün dostlarla mütəmadi görüşlər təşkil etmək və hər dəfə bir yazıçının əsərlərinin müzakirəsi.
İndi isə Könül Nuriyevanın sizə vəd etdiyim yazılarını və bəzi linkləri təqdim edirik.

(Yazını hazırladı: Fidan Abbaslı)
======================================================================================

"İsanın İncili"ndəki sonsuz suallar - Esse


İosiflə Məryəmin oğlu, bütün insan övladları sayaq, anasının qanına bələnmiş, hər yanı selikli  və öz əzabını dinməz çəkən  məxluq kimi doğuldu. Joze Saramaqonun bu cümləsi kitabın heç bir dini kitabdan doğmadığını oxucuya bildirmək üçün kifayət edərdi.

İosif günahsız doğulmuş oğlunun halına acıyaraq düşünürdü: "Uşaqlar həmişə onları əkmiş atalarının və bətnində yetirərək, həyata gətirən analarının ucbatından ölürlər, zira doğulmasaydılar, ölməzdilər". Və bu fikri bu gün ailələrdə, cəmiyyətdə məhz valideynləri tərəfindən psixoloji və mənəvi olaraq, hər gün yavaş-yavaş öldürülən uşaqlara da aid etmək olar. Hirs-hikkəsi,  "evdə böyük mənəm" ədası, qısqanclığı, "qaydaları pozmaq olmaz"ları, ənənələrdə boğulması, kiflənmiş məhəllə, oba, qonşu qınaqları valideynlərin "nə deyər"ləri ilə birləşəndə, eyni problemlər min il əvvəlki kimi bu gün də aktualdır.

Saramaqonun qəhrəmanı ölümü necə ifadə etmək lazım gələndə tərəddüd etmir və deyir ki, ağlasığmaz ifadəmə görə üzr istəyirəm, təxminən, zamanla məhdudlaşdırılmış bir ölüm veriləcək və bu ölməzlik artıq bizimlə olmayan insanları nə qədər xatırlayırıq, nə qədər seviriksə, bir o qədər də davam edəcək.

"İsanın İncili" əsərində Tanrı haqqında düşüncələr oxucunu dəfələrlə və hər dəfəsində daha mənalı şəkildə, buz kimi suya salıb çıxardır. Düşüncələrində yenilik, uşaqlıqdan Allah haqqında beyninə qoyulmuş manqurt fikri dəyişmək istəyi, "dərk et və sev" kimi özünü araşdırma ideyaları aşılayır. Məsələn, "əgər Tanrı, həqiqətən bütün məxluqların, həm heyvan, həm insanların atasıdırsa, bu qırğına necə sevinə bilər?" Burada məbəd təsvir edilir, paklaşma mərasimində göyərçinlərin, günahsız heyvanların qanı axıdılır.

Qan və paklık bir qütbün ən uzaq tərəfləri deyilmi?

Məryəmin təmizlənməsi göyərçinin başının üzülməsi ilə icra edilir. Əsl təmizlənmədən isə söhbət gedə bilməz. "İnsanların, xüsusən də qadınların buna ümid bağlamaları tamam mənasız şeydir, söhbət yalnız ondan gedir ki, qadın doğuşdan bəri bəlli müddətini başa vurub, artıq hər şey əvvəlki kimidir, yer üzündə iki göyərçin azaldı, bir oğlan artdı". Elə isə əsrlərdir, dindar heyətin adi insanları aldatma səbəbi nədir, insanlar niyə belə səylə aldanmaq istəyirlər?

Ruhun nicatı, şüurun sağalması göyərçinin ölümü ilə olurmu, bununla özünü aldatmaq gülünc deyilmi?

Əsərdə sevgi motivləri azdır, bu azlığı Saramaqo belə ifadə edir: "Sevgi kəlməsini ifadə etməyə söz tapılmır, məsələ ondadır ki, söz nə qədər desən var, amma sevginin özü yoxdur".

İosif Tanrı ilə eyni əzabı çəkir, dülgərin evi, həyəti uşaqla doludur, amma adama elə gəlir  ki, bu həyət də, bu ev də bomboşdur. Əgər "Tanrı heç vaxt yatmır" ifadəsi dillərdə gəzirsə, bizi maraq götürür və ona "niyə yatmır" sualını verməyə müəllif özündə güc tapır. Əgər yatmırsa, Vifliyemdə  iyirmi beş uşaq qılıncdan keçiriləndə, o, oyaq  qalıb nə edirdi? - biz oxucu olaraq bu sualı düşünürük.

Qadın olaraq, bizə ən çox toxunan romanda qadına  münasibətdir, əslində, İosifin Məryəmlə davranışıdır.

Uşağını dərsdən götürən Məryəm onun təhsildəki uğurları ilə maraqlanmaq ixtiyarına sahib deyildi. Məktəbin müdiri demişdi ki, qanunu qadınların ixtiyarına verməkdənsə, oda atmaq yaxşıdır, bizim məqsədimiz qadına yerini göstərmək, dəyərsizliyini yaddan çıxarmasına imkan verməməkdir.
İosif isə Vifliyemdə körpələrin qətlinin qarşısını ala biləcəyi gündən, arvadı Məryəmin yanına belə tez-tez və həvəslə girirdi, sonrakı nəticələr barədə düşünmürdü, ona mənəvi ağrı verən vicdan əzabından canını qurtarmaq üçün arvadını alətə çevirmişdi.

Qadına soruşmaq icazəsi verilmirdi, ancaq qulaq asa bilərdilər. Burda qadınlar dinməzcə ağlayırdılar, göz yaşlarını udmağı öyrənmişdilər. Saramaqo yazır ki , "onlar elə güldükləri qədər ağlayırlar, amma  bu, heç də düz deyil, çünki gülüş cingiltili, göz yaşları laldır".

Qadınlar  özlərinə qarşı biganə idilər, özləri üçün heç idilər, heçlikdə isə - nə yaxın, nə uzaq - gözə dəyəsi heç nə olmur, axı olmayan şeyə necə zilləyəsən gözünü?! Düşünürük ki, bugünkü hadisələrə nəzər salsaq, bu uzun müddətdə qadının özünün özünə münasibəti tam mənası ilə dəyişməyib.

Yazıçı roman boyu Tanrı ilə izahat mübadiləsindən əl çəkməyib. Qadının durumunu dəqiq verib. Özünüdərkdə Hesseni xatırladıb. Zalım çarı, həyatını seçmək üçün yola çıxan gənci, gizli vicdan əzabının qovurduğu atanı və roman boyu susaraq danışan və bizə görə ən dərin xarakterə malik ananı oxucuya öz istədiyi kimi çatdırıb.

"Mələklərin əlindən  çox işlər gəlsə də, gücləri sonsuz deyil - bu cəhətdən onlar Tanrıya bənzəyirlər - bizi ölümdən əbədilik qoruya bilməzlər".
"Tanrım, elə bir gün gələcəkmi, yanımıza gəlib, öz övladların qarşısında günahlarını etiraf edəsən?" - sualını verən yazıçı  Tanrıya inanıb-inanmamaq, dua ilə bəladan uzaqlaşmanın  mümkün, ya mümkünsüz olması seçimini bizim ixtiyarımıza buraxıb, həm də özü get-gəllərdə qalmayıb, qəti fikri var, amma söyləməyib oxucuya. Demək istəyib ki: həm özünüzü aydınladın, həm mənim gizli saxladığımı tapın!
Çoxsaylı suallarımıza cavab üçün bu kitabı oxuduq, amma yazıçının sualları daha çox idi və Saramaqo bizi hər sualı ilə daha da şübhələrə saldı. Məsələn, elə bu məqam üzərində düşünə bilərsiniz:

- Niyə Pərvərdigar İsaakı xilas etmək istədi və niyə günahsız körpələrdən ölüm təhlükəsini kənarlaşdırmaq üçün heç nə etmədi və  o körpələr elə Avraamın oğlu kimi günahsız olsalar da, Tanrı dərgahında özlərinə mərhəmət qazanmadılar?

Bu günümüzlə həmahəng səslənirmi?

Könül NURİYEVA

https://qaynarinfo.az/az/mena-ve-suni-intelektleri-xatirladan-insanlar-1
https://sulh.info.az/xeber/10989/colde-bayirda-boyuyen-son-nesil.html

  • Tarix: 16.01.2023, 01:11
Xəbəri paylaş
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Xəbərlər