Mirzə və Kişi adını layiqincə qoruyan insan, yaxud 70 yaşı haqlayan Mirzəkişi müəllim barədə bir neçə kəlmə
Masallı rayonunun Ərkivan Qəsəbəsindəki 5 məktəbdə 200-dən artıq müəllim çalışır. Onlar içərisində rayon, hətta ölkə səviyyəsində tanınmışlar da var, (təəssüf ki) müəllim adının ucalığında dayana bilməyənlər də. Ərkivan müəllimləri sırasında Mirzəkişi Mirzəyevin isə özünəməxsus yeri var.
Çox sadə tərcümeyi-hal sahibidir. 1952-ci ildə anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan Dili və Ədəbiyyatı fakültəsini bitirib. Əvvəl Bağlaküçə məktəbində Pioner Baş Dəstə rəhbəri işləyib. Daha sonra isə Cəfər Cabbarlı adına 1 saylı Ərkivan məktəbinə müəllim təyin olunub və təqaüdə çıxana qədər orada işləyib.
Mirzəkişi Mirzəyev 10 nəfərlik (6 qız və 4 qardaş) bacı-qardaşın ilklərindən, ailənin ilk ekiz övladından biri olub. Özü isə 2 oğul övladının atasıdır.
Mirzəkişi ən çox nə ilə yadda qalıb? Qısaca desək, mübarizliyi, cəsarəti, xeyirxah işləri, bir də “faydalı tərsliyi” ilə.
Mirzəkişi müəllim imkanı daxilində işi çətinə düşənin yanında olub, belələrinə dayaq durub. Məhəllə üçün, kənd üçün faydalı işlərin önündə həmişə sinəsini qabağa verib, təşkilatçılıq göstərib.
Hazırda Ərkivan 1 saylı məktəbin aşağısından, qəsəbə qəbristanlığının qərb tərəfindən, İstilin yanında yuxarı qalxan çığır məhz onun təşəbbüsü və təşkilatçılığı ilə yola çevrildi. Onlarla insanın rahat gediş-gəlişinə şərait yaradılıb.
Həsənəküçə və Abbaslı məhəllələri arasındakı Ərkivan stadionunun ətrafının yaşıllaşdırılması və abadlaşdırılmasında da Mirzəkişi müəllimin zəhməti çox olub.
Mirzəkişi müəllim bir sıra hallarda həqiqi mənada Mirzəlik edib. Onlarla imkansız, haqqı tapdanan ailənin qarşısına düşərək onların haqqın qoruyub, onlar üçün yuxarı təşkilatlara ərizələr yazıb.
Mirzəkişi müəllim uzun illər Cənub Xəbərləri qəzetinin əməkdaşı olub. Kəskin, ciddi tənqidi yazıları ilə çoxlarının rəğbətini qazanıb. O vaxtkı dövrdə təhsildə baş verən nöqsanlara etiraz edə-edə Təhsil Naziri Misir Mərdanov tərəfindən fərdi olaraq qəbul olunub və rayondakı nöqsanları tam kəskinliyi ilə onun diqqətinə çatdırıb.
Həmişə cəsarəti, inadçıllğı, zəhmətkeşliyi ilə nümunə olan sinif yoldaşım, cəbhədaşım Mirzə kimi Mirzə, Kişi kimi Kişi olan Mirzəkişi müəllim 70 yaşın mübarək!
Zahir Əmənov