Ərkivanda qazıntı işləri
Əhali narahatdır ki, bu qışı palçıq içində keçirəcək
Keçmiş vaxtlarda hansı yaşayış məntəqəsində tikinti-abadlıq işi
aparılanda yerli sakinlər sevinərdi. İndi isə əksinə olub. Belə ki, Masallı
şəhərindən sonra Ərkivan qəsəbəsinin "Yuxarı baş” adlanan hissəsində kanalizasiya xətti çəkmək məqsədi
ilə qazıntı işlərinə başlanılıb. Qazıntı işləri qəsəbənin 6 istiqamətində görülür.
İlkin işlər Abbaslı, İsoba və Göllü
məhəllələrinin cənub və qərb
istiqamətlərində aparılır. Qazıntı işlərinin ilin sonunadək davam edəcəyi
bildirilir.
Məlumat üçün bildirək ki, 2 il öncə Masallı şəhərində, eləcə də ona
bitişik ərazilərdə - Seybətin, Dadva, İsgəndərli, Digah ərazilərində eyni məqsədlə qazıntı işləri aparılıb. Lakin
qazıntı işləri xeyli müddət əvvəl başa çatsa da nə kanalizasiya işləyir, nə də
bərbad hala salınmış yollar düzəlir. Bu işlərin əsas sifarişçisi və icraçısı
AzərSu Səhmdar Cəmiyyətidir. Lakin bu
təşkilat olunan şikayətləri qulaqardına vurur.
Ərkivan sakinləri də, necə deyərlər, "gözü çıxan qardaşından” ibrət
götürərək qazıntı işlərini böyük narahatçılıqla izləyirlər. Belə ki, qəsəbənin
Ərazi Nümayəndəsi də başda olmaqla qazıntı aparılan yolların hazırkı durumunun
fotosu çəkilir, qazıntı işləri videoya alınır ki, qazıntıdan sonra icraçılara
sübut etsinlər ki, siz hansı vəziyyətdə olan yolu dağıtmısınız. Xatırladaq ki,
bir çox qəsəbədaxili yollar yerli sakinlərin böyük əziyyəti və xeyli vəsaiti
hesabına başa gəlmişdi.
Sonda onu da bildirək ki, bu birinci qazıntıdır. Kanalizasiya qazıntısı
bitəndən sonra həmin yerlər bir daha
qazılıb, həmin yollardan su xətti çəkiləcək. 2-ci qazıntının yeri doldurulandan sonra, nəhayət, 3-cü
qazıntı işlərinə başlanılacaq. Bu mərhələdə kanalizasiya və su xətlərindən
evlərə çıxışlar çəkiləcək.
Necə deyərlər, sevinirik su-kanalizasiya xətti çəkilir, tamaşadır
onun palçığında üzəndə.
Bütün hallarda qəsəbə camaatı və arkivan.az saytı bu sahədə işləri
nəzarətdə saxlayacaq, görülən və görülməyən işlər barədə oxucuları
məlumatlandiracaq.