“Ümidim sənsən”dən silsilə tədbirlər - VIDEO
3 günə 5 tədbir. Kollecdən “Nağıllar dünyası”nadək
Artıq 1 yaşını qeyd etməyə hazırlaşan “Ümidim sənsən” Xeyriyyə icması öz fəaliyyətini günbəgün genişləndirir - daha çox insanı, daha çox əraziləri əhatə edir. Qısa müddətdə 1000-ə yaxın insana müxtəlif yardımlar edilmiş, 16 məktəbdə (Ərkivan 1, 3, 5 saylı, Masallı şəhər 1, 4 saylı, Şərəfə, Qasımlı, Sərçuvar, Gəyəçöl, Həsənli, Qəriblər, Dəmirçi, Bədalan, eləcə də Masallı Dövlət Regional Kollecində (3 dəfə)) kitab bayramları təşkil olunmuş, iştirakçılara 1200-dən artıq kitab hədiyyə edilmişdir.
May ayının 31-i, iyunun 1-i və 2-də isə “Ümidim sənsən” 5 tədbirə imza atmışdır.
Masallı Dövlət Regional Kollecində növbəti kitab bayramı
Rayonumuzun ilk orta-ixtisas məktəbi xeyriyyə icmasının daim diqqətindədir. Mayın 31-də burada 3-cü dəfə (Masallı Müəllimlərinin, Azad Həmkarlar Təşkilatının və Masallı Gənclər və İdman idarəsinin dəstəyi ilə) kitab bayramı keçirilmiş, bu dəfə kollec müəllimlərinə Azərbaycan və dünya klassiklərinin, eləcə də Nobel mükafatçılarının kitabları hədiyyə edilmişdir. Onu da xatırladaq ki, Kollecin direktoru Vidadi Nəzərov ardıcıl olaraq bu icmaya mənəvi və maddi dəstək göstərir.
“Viləş” İstirahət mərkəzində unudulmaz tədbir
Masallıdakı “Viləş” İstirahət mərkəzinin əsas özəlliklərindən biri də odur ki, burada uşaqlar üçün 10-dan artıq əyləncə qurğusu var. Mayın 31-də, Uşaqların Beynəlxalq Müdafiəsi günü ərəfəsində “Ümidim sənsən” istedadlı körpələr üçün burada şənlik təşkil etmişdir. 30-dan artıq uşağın qatıldığı tədbirdə uşaqlar şirniyyat stolu ətrafında xeyli rəqslər etmiş, mahnılar oxumuş, əyləncə qurğularından ürək dolusu faydalanmışlar.
“ASAN Həyat” könüllüləri “Ümidim sənsən”lə sıx əməkdaşlıq edir
Masallı rayonunda fəaliyyət göstərən “ASAN Həyat” xidmətinin könüllüləri vaxtaşırı olaraq “Ümidim sənsən” ilə bağlı birgə tədbirlər keçirir - gah bağçadakı təmir işlərinə, gah paltar aksiyalarına, gah da əlillərə yardım aksiyalarına yardımçı olurlar. Bu dəfə isə “Asançılar” “Ümidim sənsən”-in dəvəti ilə Ərkivan qəsəbə uşaq bağçasına gəlmiş, Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə burada şirniyyat süfrəsi və bir neçə saat davam edən şənlik təşkil etmişlər.
Onlar həmçinin bağçanın bayramsayağı bəzədilməsində, uşaqların maraqlı vərdişlərə yiyələnməsində burada çalışanlara yardımçı olmuş, uşaqlarla birlikdə rəqs etmiş, mahnılar oxumuşlar.
Bədalan tam orta məktəbi kitab bayramında rekord qırdı
Masallı rayonunun Bədalan kəndində keçirilən kitab bayramı təsadüfi bir təklifdən başladı. Rusiyada çalışan bədalanlı Mübariz Şahbazov sosial şəbəkədə “Ümidim sənsən”in xeyriyyə işləri ilə tanış olduqdan sonra yaxınlarına təklif göndərib ki, o da bu xeyirxah işlərə qoşulmaq istəyir. Daha sonra bədalanlı Hacı Fizuli bu təklifə dəstək verib və yardım göstərib.
Eləcə də adının açıqlanmasını istəməyən digər bir bədalanlı xeyriyyəçi bu aksiyaya yardımçı olmuş və nəticədə bu vaxta qədər keçirilən kitab bayramlarının ən möhtəşəmi Bədalanda keçirilmişdir. Tədbirdə 120 nəfər müəllim və şagirdə kitablar paylanmışdır. Rəqslər, mahnılar tədbiri daha ürəkaçan etmişdir. Rayonumuzun qocaman müəllimləri - Alzaman Baxışlı və həyat yoldaşı Xanım müəllim də öz istəkləri ilə Hacıtəpədən bu tədbirə gəlmişdilər.
Tədbirin yüksək səviyyədə təşkil olunmasında məktəbin direktor müavini Məhbubə Şahbazovanın zəhməti xüsusi təşəkkürlərə layiqdir.
“Nağıllar dünyası”nda nağıllardan da şirin bir tədbir
Uşaqların Beynəlxalq Həmrəylik günü ilə bağlı silsilə tədbirlər iyunun 2-də “Nağıllar dünyası” İstirahət mərkəzində imkansız ailələrin uşaqları ilə keçirilən görüşlə yekunlaşdı. Tədbirə 30-a yaxın insan toplaşmışdı.
Xeyriyyəçi xanımlar uşaqların nahar süfrəsi üçün 2 qoyun hədiyyə etmişdi. Təşkilatçılar tədbirin yadda qalan olması üçün mümkün olan hər şeyi nəzərə almışdı-musiqiçi, fotoqraf, xüsusi MERSEDES RAF və sair. 4 saatdan artıq davam edən şənlik çoxlu rəqslər, mahnılarla, uşaqların əyləncə qurğularındakı yarışmaları və əyləncəli müsabiqələrlə yekunlaşmışdır.
“Ümidim sənsən” Xeyriyyə icmasının rəhbəri Fidan Abbaslı:
- “Ümidim sənsən” komandasının bir neçə həftəlik zəhməti gözəl bəhrəsini verdi. Olduqca maraqlı və silsilə tədbirlər təşkil etdik. Yüzlərlə insanı sevindirdik.
Bu işdə bizə dəstək olan, minnətdarlıq edəcəyimiz insanlar isə o qədər çoxdur ki...
Açığı onların çoxu adlarının çəkilməsini istəməsələr də, biz onların zəhmətini dəyərləndirməyi lazım bildik. Mətanət Paşayeva, Aynur Tağıyeva, Məhbubə Şahbazova, Anaşəfa Allahverdiyeva və dostları, gitaraçı Elvin Azəroğlu, fotoqraf Pərviz Camalzadə, Masallının rəqs akademiki Gündüz və həyat yoldaşı, məclisi gözəl kabablarla feyziyab edən aşbaz Emin Məmmədov, təşkilati işlərimizə yardımçı olan Anar Rəcəbov xüsusi minnətdarlığa layiqdir.
Masallı rayon İcra Hakimiyyətinin bu işlərdə daim bizə dəstək olması çox ruhlandırıcıdır. Elə bu tədbirdə də İcra Hakimiyyətinin məsul işçisi Nigar xanım Hüseynova bizə hədsiz köməklik göstərdi.
Biz tədbirlərimizə təmənnasız yardımçı olduğuna görə “Viləş” və “Nağıllar dünyası” İstirahət mərkəzlərinin kollektivinə çox təşəkkür edirik.
Sonda bizi bu xeyriyyəçiliyə həvəsləndirən, onlarla aksiyamıza dəstəkçi olan “GÜVƏN" Xeyriyyə təşkilatının rəhbəri Nigar Bayramlını bütün könüllülərimiz adından alqışlayırıq.
BİZ BİRLİKDƏ GÜCLÜYÜK !!!
Növbəti tədbirimiz Ramazan bayramı günlərində olacaq. Həmin gündə də onlarla imkansıza yardımçı olacağıq.
İyul ayında isə təşkilatımızın yaranmasının 1 illiyini təntənə ilə qeyd etməyi planlaşdırırıq.
Aynur Tağıyeva