Arkivan.az » Müxtəlif məlumatlar » Zahir Əmənovun yazısı. “İnsanlar 3 cür olur -dirilər, ölülər və dənizçilər”. V. Hüqo

Zahir Əmənovun yazısı. “İnsanlar 3 cür olur -dirilər, ölülər və dənizçilər”. V. Hüqo


Ərkivanlı gənc dənizçinin həyat hekayəsi



--2 milyon dollarlıq “ROBOT dənizçilər” işinizi xeyli yüngülləşdirib;
--Dalğanın hündürlüyü 13 metrə qalxanda çox narahat oldum;
--Okeanda üzərkən DELFİNLƏRİN qarşında rəqsinə   tamaşa etmək çox unudulmaz idi;
--Dəniz bəzən daş ürəkliləri Kövrək, bəzi zəifləri isə qəhrəmana çevirir;
--Dənizçi zarafatları.

Telefon zəngindən başlanan tanışlıq

Hər şey bir telefon zəngindən başladı. Bir neçə gün öncə telefonuma zəng vuran bir şəxs bildirdi ki, xeyriyyəçilik məqsədi ilə 2-ci əl, lakin çox az istifadə olunmuş geyimləri imkansız ailələrə yardım etmək istəyir. Görüşdük. Bəlli oldu ki, bu 30 yaşlı gənc dənizçidir, ömrünün son 10 ilini  dalğalar qoynunda keçirib.
Qısa arayış: Məmmədzadə Fərid Seyfəddin oğlu. 1990-cu il, martın 14-də Masallı rayonunun Ərkivan qəsəbəsində həkim ailəsində anadan olub. Ailəlidir. 2 övladı var. Kapitanın baş köməkçisidir. Həm də SMART tədris mərkəzində dənizçilərə dərs keçir.

Sənət seçimim atamın təklifindən başladı

(Hər şey Fərid Məmmədzadənin öz dilindən)
Yuxarı sinifdə oxuyanda, ixtisas seçimi məqamı gələndə ixtisası həkim olan atam Seyfəddin dedi ki, seçim özünündür. Amma çox istərdim ki, adi yox, qeyri-adi ixtisas seçəsən. Məsələn, ya təyyarəçi, ya dənizçi olasan. Mən bir qədər fikirləşib dənizçi olmağa qərar verdim. Və həmin vaxtdan xəyalımda dənizlər, okeanlar, orada üzən gəmilər, şahə qalxan dalğalar canlandı.Orta məktəbi başa vurduqdan sonra qəbul komissiyasına ünvanladığım ərizədə cəmi bir ali məktəbin adını yazdım - Azərbaycan Dövlət Dəniz Akademiyası. Yəni, ya dəniz, ya da heç nə. Arzum reallaşdı. Yüksək balla bu ali təhsil ocağına qəbul olundum. Sonra magistr pilləsinə yüksəldim. Hazırda doktoranturaya qəbul olunub, dənizçiliyin elmi əsaslar ilə məşğul olub, alimlik dərəcəsini almağı hədəfləmişəm.

“Dəniz gün çıxanda və batanda başqa aləm olur”


Dənizlər haqqında nələr yazılmayıb, nələr çəkilməyib? Dalğasından, ləpəsindən, fırtınasına qədər minlərlə şeirlər, mahnılar, rəsmlər...
Bir var bunları eşidəsən, bir də var günlərlə yaşayasan, duyasan. Bir qədər sonra dənizçi həyatımdan şirinliyindən də, acılarından da söz açacağam. İndi isə bir az da dəniz romantikasından danışmaq istəyirəm. Təsəvvür edin ki, günlərlə sahil görmədən yol gedirsən. Bir də baxırsan ki, başının üstündə günəş, 2-3 kilometr aralıda isə buludlardan leysan yağış yağır.  Yaxud dənizin sakitliyindən xəyallandığın, əsəblərini sakitləşdirdiyin məqamda qarşında qəfildən çırpınıb çıxan onlarla delfin peyda olur və rəqs etməyə başlayır. Qısası, möhtəşəm “dəniz konserti”. Dənizdə Günəşin doğması və batması isə başqa aləmdir. Üfüqdə elə rənglər, elə mənzərələr  yaranır ki, insan doğulub bunları görmək qismətin olduğu, ürək dolusu duyğulandığın üçün tanrıya şükür edirsən.

Dəniz həmişə şirin və romantik olmur

Belə romantik duyğular çox olsa da, dəniz həmişə şirin,ecazkar və romantik olmur. Dənizin pis üzü çox sərtdir. Bəzən ölümün bir addımlığında olur, fırtınanın təlatümündən adamın qanı donur. Az qala diri və ölü olduğunu unudursan. Elə buna görə V. Hüqonun yarızarafat, yarı ciddi  dediyi, İinsanlar 3 cür olur –dirilər, ölülər və dənizçilər” - kəlamı dənizçilər arasında çox məşhurdur.

13 metrə qalxan dalğanın “ləzzəti” 

Dənizdə fırtına. Dalğalar az qala  gəmidən 2 dəfə yuxarıda dənizçilərə sərt küləklə meydan oxuyur. Nə rəqs edən delfinlər, nə qeyri-adi yağışlar, nə günəşin romantik rəngləri,.. heç nə gözündə olmur. Yalnız sağ qalmaqvəziyyətdən çıxış yolu axtarırsan.

Unuda bilməyəcəyim fırtına
Dənizçilik həyatımda ən gərgin anları 2015-ci ildə yaşadım. “Qurban Abbasov” adına gəmidə işləyirəm. Həmin dövrdə bizim qonşu platformada, güclü yanğın baş verdi, 11 neftçi dünyasını dəyişdi, 19 nəfər isə itkin düşdü. Hətta hadisədən 5 il sonra 3 dənizçinin meyidini bizim komanda tapdı. Neft platforması yanmışdı. Biz yanğın olan platformanın yaxınlığında idik. Xatırladım ki, “Qurban Abbasov” gəmisi həcminə görə futbol stadionundan böyükdür, yəni Azərbaycanın ən böyük gəmilərindən biridir. O vaxt  isə Azərbaycanda yeganə idi. Bu yük gəmisi 100 metr hündürlükdən 600 tonluq yükü bir dəfəyə qaldırırdı. Qəza baş verən zaman dənizdə dalğa 13 metr idi. Hər biri 3 min metr uzunluğu və 15 sm diametrində olan Troslarala bərkidilmiş (bucurqat)  8 lövbərlə, gəmi  hörümçək kimi  əhatələnsə də, gəmi fırtınayla tablaşa bilmirdi.  Dalğa gəmini o qədər güclü yellədirdi ki,  bucurqatda trosu saxlamaq mümkün olmurdu. Gəmi trosdan ayrılsaydı,   digər platforma ilə toqquşacaqdı və nəticədə çox böyük partlayış olacaqdı. Köməyimizə gələn gəmi isə qonşu platformada yanğını görüb ora yönləndi. Bizim gəmidə peyk rabitəsi olduğu üçün bütün məlumatlar bizdə cəmləşib sahilə ötürülürdü.  Vəziyyət çox qorxulu idi. 30 nəfər heyətlə özümüz yaddan çıxmışdıq. Yanğın olan platformada bəzi neftçilər xilasedici qayıqlardan istifadəyə cəhd etdi, amma bu qərar onları ölümə apardı, böyük dalğalar qayığı platformanın metal ayaqlarına çırpıb param-parça etdi. Suya səpələnmiş neftçilərin fəryadlarını eşitsək də, kömək etmək mümkünsüz idi.

Atlantik okeanında tufan

Atlantik okeanından keçəndə də tufana düşdük.  Gəmi balaca olduğundan  korpus çatladı. Yalnız dənizçilərimizin fədakarlığı və peşəkarlığı bizi xilas etdi. Sonralar sağ qaldığımıza görə qurban kəsdik.

Fırtınaya qədər keçirdiyim dəniz ömrü

Mənim dənizlə tanışlığım hələ tələbəlik illərindən başlamışdı. Dərslərimiz, praktiki məşğələlərimizi hər il 3 ay yay aylarında Xəzərdəki yük gəmilərində keçirdik. Qışda isə 1 ay sərnişin gəmilərində təcrübədə olurduq. İlk dəfə Türkmənistana dəniz səfəri çox unudulmaz idi. Sonralar bütün Xəzəryanı dövlətlərə - İran, Rusiya, Qazaxıstana... səfərlər etdim.
Bu səfərlərin ünvanı zaman keçdikcə genişləndi.  Azov dənizi vasitəsi ilə Ukrayna və Rusiyaya, Qara dəniz vasitəsi ilə Türkiyəyə, Gürcüstana,   Egey  dənizi ilə Türkiyə və Yunananstana səfərlərim oldu.Avropaya - Belçika, İngiltərə, Fransa,İtalya, İspaniya sonralar  Misirə səfərlərdə çox unudulmaz idi.

Matrosluqdan kapitanın baş köməkçisinə qədər gedən yol

Xəzərdən başladığım dənizçilik fəaliyyətim daha sonralar Palmali, Caspian Marine Services şirkətinə qədər davam etdi.Əvvəllər yük, ticarət gəmilərində, sonlar isə  ofşor-neft sektorunda xidmət etməyə, buradakı gəmilərdə çalışmağa başladım. Çünki perspektivi burada görürdüm.
Hətta   kapitanın 3-cü köməkçisi vəzifəsindən imtina edib perspektivə görə yenidən matrosluğa başladım. Hazırda kapitanın baş köməkçisiyəm, yəni kapitanlığın bir addımlığında.


Robot dənizçilərin möcüzələri

Son illər Azərbaycanın gəmiçilik təsərrüfatı xeyli təkmilləşib. Bizdə dünyanın son model gəmiləri fəaliyyət göstərir. Ən maraqlısı isə “Robot-dənizçilərdir”Hazırda çalışdığım Dalğıc gəmisində 2 belə robot fəaliyyət göstərir. Hər birinin dəyəri 2 milyon dollardır. Qurğularımız dənizin dərinliyində yerləşdiyi üçün bu robotlor hidravlik “əlləri” ilə 300-500 metr dərinlikdə inanılmaz işlər görürlər. Bu əməliyyat zamanı mənim vəzifəm isə gəminin idarəçiliyinə rəhbərlik etməkdir. Ən son texnologiya olan “Dynamic Position” sisteminin vasitəsilə hətta güclü külək və dalğalarda belə gəmini 20 sm dəqiqliklə mövqedə saxlayırıq, bu sistemi idarə etmək üçün Ukraynada peşəkar kurslarda və təlimlərdə iştirak etmişəm və nəticədə İngiltərədən sertifikat almışam. Robotlar isə əcnəbi və yerli heyət tərəfindən idarə edilir. 

Dənizçi zarafatları

Uzaq səfərlərdə, hansı ki həftələrlə sahil görmürdük, darıxırdıq. Təsəllimiz zarafatlar olurdu. Xüsusən fəaliyyətə təzə başlayan gənc dənizçilərlə.
Məsələn, komandaya təzə qoşulana deyirdik ki, get, bir vedrə par, buxar gətir. Bir dəfə də özün çox öyən dənizçiyə dedilər ki, kapitan tapşırıb, lövnər zəncirinin birini kəsmək lazımdır. Hamı da elə düşünürdü ki, qayğı ilə bunu etmək mümkünsüzdür. Təzə işçi isə bu işi bacardığını nümayiş etdirmək üçün gedib qaynaqçıdan xahiş edib ki, qaynaq aparatı ilə zənciri kəssin. Bir də görüblər ki lövbər artıq yerində yoxdur. Bu hadisə səbəbindən böyük problem yaşandı. Darıxanda təsəllimiz internet olurdu. Cənublu dənizçilərin isə ən çox izlədiyi cenub.az və cənub xəbərtv idi. Vətənin qoxusun bu resurslardan alırdıq. Yeni yazılar gec-gec qoyulanda hətta qaranızca deyinirdik. Uzaq səfərlərin bir xeyri də o idi ki, buradakı dostluqlar daha dəyərli olur, küsülü qalmaq isə sadəcə mümkünsüz idi.

“İstəmərəm ki, oğlum dənizçi olsun”

Dənizçilik cəsurluq məktəbi olsa, unudulmaz anlara ünvan olsa da, yeganə oğlumu dənizçi görmək istəməzdim. İlin yarısını evdə olmamaq, övladlarınla ardıcıl məşğul ola bilməmək, həftələrlə sahil görməmək... çətindir. Arzu edərdim ki, övladım müasir texnologiya sahəsində mütəxəssis olsun. Həm də istərdim ki, istedadlı gənclər ortada itib-batmasın, onlara hədsiz diqqət göstərilsin.

Son əvəzi

Söhbətini qələmə aldığım bu gənclə tanışlığım məni çox sevindirdi. Bu qədər pisliklərin içində belə duru, saf, sabaha böyük ümidlə yaşayan bir gənclə tanışlıq adamın ruhuna bir rahatlıq gətirdi. Həm istedadlı, həm xeyriyyəçi, həm yüksək dərəcə intellektual və hədsiz səmimi olan bu gənclə qürur duydum.
Əziz oxucu. Siz də belə gənclərdən tanıyırsınız bizə bildirin, onları tanıdaq, həyat yolunu işıqlandıraq.






Cenub.az adından söhbətləşdi: Zahir Əmənov
  • Tarix: 05.03.2021, 22:40
Xəbəri paylaş
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Xəbərlər