Arkivan.az » Təhsil » Xanoğlan müəllim – özəllikləri birgə

Xanoğlan müəllim – özəllikləri birgə


                                              
                                                  
                                                    Yadda qalan kişilər silsiləsindən


Ərkivan orta məktəbində təhsil aldığımız dövürdə  özünəməxsusluğu ilə yaddaqalan müəllimlərdəm biri də qəsəbənin Miyondi məhəlləsindən olan Xanoğlan Əsgərov idi.
Sağ qalsaydı indi 102 yaşı olacaqdı. Ərkivanın ilk ali təhsilli tarix müəllimlərindən biri idi. 2-ci dünya savaşının iştirakçısı olmuşdu. Yaralar almışdı. Bir neçə orden və medalla təltif olunmuşdu. 6 oğul, 20-dən artıq nəvə-nəticə sahibi idi.
Lakin Xanoğlan müəlimi səciyyələndirən təkcə bu bir neçə sətirə sığan tərcümeyi-halı deyildi. Necə deyərlər, Xanoğlan müəllim Ərkivanın “Türfə əlamətləri ” olan kişilərindən idi. Fiziki cəhətdən bir qədər “kələ-kötür” olsa da, olduqca saf, uşaq kimi zərif ürəyə, xeyirxah qəlbə malik idi. Bəzən hirslənib şagirdlərini yüngülvari söyəndə belə, elə şirin acıqlanırdı ki, söyülənin özünə ləzzət edirdi.
Xanoğlan müəllim bəzən bilərəkdən, bəzən bilməyərəkdən elə ifadələr işlədirdi ki, sonralar həmin ifadələr lətifəyə çevrilirdi. Həmin lətifələrin bir çoxunu mətbuata çıxarmaq olmasa da, ucundan-qulağından desək, onu tanıyanlar, qəsəbədə orta yaşa mənsub olanlar söhbətin hansı lətifədən gediyini dərhal duyacaq. Məsələn, “paraxodu qoyub, lodkaya minirsən”, “badımcan qalsın əzizlərinin…”, maqazin açıq olanda nə olar, içində bufetim yox, şfonerim yox” və sairə.
Xanoğlan  müəllim həm də şagirdini dəqiq duyan bir müəllim idi. Elə mənə münasibətindən bir misal deyim. 9-cu sinifdə oxuyurdum. Tarixi də elə-belə xala-xətrin oxuyub, 3-dən, 4-dən alırdım. Amma danışdığım mövzulara bir balaca rəng qata bilirdim ki, bu da onun xoşuna gəlirdi. Bir dəfə də yenə dərsi danışıb, 4 qiymət alacağımı güman etdiyim zaman, Xanoğlan müəllim dedi ki, 4-ə danışsan da, sənə layiq olmadığın bir 5 yazacam. Görüm, qeyrətin çatacaq məndən həqiqi 5 almağa?
Bundan sonra döşəndim tarix oxumağa nə döşəndim. Öz hesabımla 5-ə danışdığım dərslərə də 5 vermirdi. Deyirdi ki, hələ həqiqi 5-ə çox qalmısan. Qısası, həqiqi 5-I alana kimi əsil “tarixçi” oldum. Ali məktəbə qəbul imtahanları zamanı aldığım 2 “əla”nın biri də tarixdən idi. Elə indinin özündə də tarixi çox sevirəm və buna görə qəsəbəmizin Xan Oğlanı, Xanoğlan kişiyə, Xanoğlan müəllimə çox minnətdaram.
 
Yuxarıda qeyd etdiyim kimi Xanoğlan müəllimin 6 oğlu, çoxlu nəvələri var. Hamısı da sadəliyi, xeyirxahlığı ilə bir nümunədir. Xanoğlan müəllimin oğlu Alxas isə ölkənin tanınmış iş adamlarındadır.
(Arzu edərdik ki, Xanoğlan müəllim barədə xatirəsi olanlar, onu facebook paylaşmamızda, statusun rəy bölümünə əlavə etsinlər)
Zahir Əmənov. Arkivan.az
Redaksiyadan: Arkivan.az saytının yenidən bərpası ilə bağlı Ərkivanın yadda qalan kişiləri, eləcə də ağbircəkləri haqqında silsilə yazılar verməyi planlaşdırırıq. Növbəti təqdimatımız rəhmətlik, halal və nurlu kişilərdən biri Sarıbala müəllim haqqında olacaq. Bəs siz qəsəbənin hansı yaddaqalan, hörmətli-izzətli insanları haqqında arkivan.az haqqında yazılar görmək istərdiniz? (Amma qohumumdur deyə, olmasına, ha).
  • Tarix: 10.01.2021, 15:27
Xəbəri paylaş
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Xəbərlər