Arkivan.az » Ədəbiyyat » Rəsmiyyə Sabir

Rəsmiyyə Sabir


Rəsmiyyə Sabir Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. İnşaat Mühəndisləri Universitetini bitirib. İqtisad üzrə fəlsəfə doktoru, dosentdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. DGTYB-nin yaradıcılarındandır. 2000-ci ildə Türkiyədə keçirilən 1-ci Beynəlxalq Füzuli şeir yarışmasının mükafatçısıdır. Yüzdən çox şeirinə mahnı bəstələnib. 2002-ci ildə sözlərinə yazılmış mahnılardan ibarət «Səni aradım» adlı audio kaset və disk işıq üzü görüb. 2003-cü ilin «Fəxri Gənc»i adını qazanıb. 2003-cü ildə çap olunmuş «Həbs olunmuş sükut» adlı şeirlər kitabının müəllifidir. Ədəbi mühitdəki uğuruna görə ilk şeirlər kitabı 2004-cü ildə Dünya Gənc Türk Yazarlar Brliyinin və Yeni Yazarlar və Sənətçilər Qurumunun diplomlarına layiq görülüb. 2006-cı ildə «Rəngsiz göz yaşları» və «Kölgəsiz dar ağacları» (İraqda), 2009-cu ildə "Unutdun məni”, 2011-ci ildə "Sahilsiz adam” (Türkiyədə) adlı şeir kitabları nəşr olunub. 2006-cı ildə KİBATEK və VEKTOR Beynəlxalq Elm Mərkəzinin "İlin Ədəbiyyat Mükafatına” alıb. Azərbaycanı müxtəlif beynəlxalq tədbirlərdə (Türkiyədə keçirilən II Beynəlxalq FÜZULİ Şeir Yarışmasında və Türk Dünyası Şeir Festivalında, Krımda keçirilən Türkcəsinin VI Beynəlxalq Şeir Festivalında, III Beynəlxalq Tokat Yeşilırmak Şeir Festivalında, Dünya Türk Gəncləri Birliyinin Rumıniyada keçirilən XI və Türkiyədə keçirilən XII Qurultaylarında və s.) təmsil edib. Türk, rus və ingilis dillərindən tərcümələrin müəllifidir. Şeirləri özbək və Türkiyə türkçələrinə, rus, ingilis, bolqar dillərinə tərcümə olunaraq Türkiyə, İraq, İran, İsveç, Almaniya, Bolqarıstan, Özbəkistan və başqa xarici ölkələrdə çap olunub. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. 2014-cü ildə ədəbi nailiyyətlərinə görə Qırğızıstan Respublikasının "Coomert Bekenbaev” adına "Altın diplom”a və medalına layiq görülüb.
Ailəlidir. Bir qızı var.

GERÇƏKLİK
...biz çarəsizliyin şairləriyik,
dostum!
Bəlkə bir rüşvətxor məmur,
bəlkə vicdansız nazir,
bəlkə də yaltaq icra başçısı 
ola bilmədiyimiz üçün 
şair olduq.
Özünü aldatma, dostum!
Çalış özgələrini aldat.
Bu ölkədə 
özgələrini aldatmaq dəbdədir.
Bəlkə də bu, 
özünü aldatmaqdan 
daha yaxşıdır.
Qulaqlarımızda -
nənələrimizin öyüdü,
gözlərimiz önündə -
gerçəklik.
Şübhələr can çəkişməsindədir – 
olumla ölüm arasında...
SÖZLƏ SAVAŞ
Bir ilahi SÖZ bilir,
Özünə simsar məni.
Qoymur özümdən gedim,
Qoymur bu hasar məni.
Ömrümün gülşən çağı,
Qəm oldu başım tacı,
Dərdlərim dar ağacı,
İçimdə asar məni.
Qələm-külüng, söz-bir dağ,
Qazdıqca qazıyacaq,
Əldən düşəndə torpaq,
Bağrına basar məni.
«VƏTƏNDƏN MƏKTUBLAR» SİLSİLƏSİNDƏN
DEMOKRATİYA
…biz burada ölümü gözləyirik.
Bahalı restoranların 
qapısı üzərində
«Burada həyat var.
Kasıblar üçün
girmək qadağandır!»
lövhəsi asılıb.
Vətəndə yaşamaq yerinə 
kasıblığın bədəlini ödəyirik.
Burada zirzəmilərin 
ofis olmaq sevincinə
utanan günəşin şüaları 
məxməri inqilablar rəngindədir.
Hər gün televiziyalar 
ABŞ-ın xaricə
demokratiya ixracından danışır.
Demokratiya 
bomba kimi partlayır
(Qəlpələr çox təhlükəlidir…)
neftlə zəngin torpaqlarda.
Burada 
siyasilər danışır…
Bizsə susuruq…
Qarabağda açılası güllələr susur.
Susmağın bədəlini ödəyirik…
KÖLGƏ
Heç nə ölmür.
Hər şey şəklini dəyişir. 
Mən doğulduğumdan bəri
şəklimi dəyişirəm. 
İnsanın ölümü də 
şəkildəyişmədir.
Əvvəlcə kölgənin
qısalmasından başlayır.
İkinci kursda oxuyarkən 
Mənə fəlsəfə dərsi keçən 
professorun öləcəyini 
kölgəsinin qısalmasından 
anlamışdım. 
Öyrətdiyi fəlsəfə 
şəklini dəyişmişdi.
Rüşvət fəlsəfəsi,
yaltaqlıq fəlsəfəsi,
yerlibazlaq fəlsəfəsi,
Hegel,
Kant,
Freyd fəlsəfəsiylə uzlaşmırdı.
Professorun boyu ilə 
kölgəsi kimi…
Heç nə ölmür.
Hər şey şəklini dəyişir…


DƏRD
Satsam da alan tapılmaz,
Kimə verim mən bu dərdi?
«Dağın dərdindən dağ anlar»,
Qoca nənəm hey deyərdi.
(Deyib başına döyərdi)
Gözlərimdən yaş damladı,
Hey axıtdım boşalmadı,
Göy üzündə daş qalmadı,
Fələk özünü öyərdi.
Hünərə bax sən bu qəmdə,
Məni yaxır hər bir dəmdə,
Su səpdilər ürəyimdə,
Yenə də kədər göyərdi…
QAYITDIM
Hamı yer üzündə həyat yaşadı,
Mən isə dərdləri yığıb qayıtdım.
"İnsan ömrü axar sudur ” dedilər,
Dərya tək içimə axıb qayıtdım.
Sığışa bilmədim nə günə, aya,
Mənim yaşadığım gəlməz ki, saya,
Ömür dedikləri bu tamaşaya,
Uzaqdan eləcə baxıb qayıtdım.
Qəm məni sızlatdı, döndərdi neyə,
Yer mənə dar gəldi, üz tutdum göyə,
Yanar ürəyimi söndürüm deyə,
Gözümün yaşını sıxıb qayıtdım.
QOCA PALID
...sən kötük doğulmamışdın.
Əvvəllər 
uzun-uzun budaqların,
yaşıl-yaşıl yarpaqların
vardı.
Geniş dünya sənə dardı.
Sənin sevdiklərin vardı.
Sənə sevənlərin yardı,
qoca palıd.
Hər baharda
sevinərdin, şadlanardın,
əl-qol açıb oynayardın.
Buludlardan su istərdin.
Su verərdi göylər sənə.
  • Tarix: 18.03.2015, 06:09
Xəbəri paylaş
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbərlər